AZ

Paşinyan bu il də sülh müqaviləsini imzalamayacaq - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev yerli mediaya müsahibəsində bir daha düşmənin silah arsenalını gücləndirməsini region üçün təhdid adlandırıb. Silahlanmanı mümkün ola bilən sülhün pozulmasına yönəldiyini bəyan edib. Bu günlərdə isə ermənilərin Laçın sərhədində atəşkəsi pozması, Fransa prezidenti Makronun Azərbaycanafob, Ermənistanı dəstəkləyici qərəzli çıxışları regiona olan təhdidin açıq siqnalları olaraq verilir. Digər tərəfdən, Rusiya ərazisində vurulan Azərbaycan mülki təyyarəsi ilə bağlı qarşı tərəfin susqunluğu, bir tərəfdə İran tərəfindən edilən iddialı, qərəzli çıxışlar və belə bir fonda Ermənistanın Azərbaycanla bağladığı 10 noyabr sazişinin bəndlərini həyata keçirməkdən yayınması regionla bağlı gözləntilərin üzərinə kölgə salır. Müsahibimiz deputat Azər Badamovdur:

- Təyyarə qəzası ilə bağlı Rusiyanın Azərbaycanın tələblərini yerinə yetirməsi ehtimalı nə dərəcədə reldır və gözləntilər nədir?

-Təyyarəmizin Rusiya tərəfindən vurulması şübhəsizidir.  Amma bunun qəsdən edildiyini demirik. Cənab Prezidentin qeyd etdiyi kimi, təyyarəmizin vurulması Rusiyanın hərbi strukturları ilə mülki strukturları arasında koordinasiyanın olmamasının nəticəsidir. Fakt odur ki, təyyarəmiz xarici müdaxiləyə məruz qalıb.  “Qara qutu” Braziliyaya göndərilərək təhlil olunur. Artıq bu prosesin başa çatması ilə bağlı da məlumatlar verilir. Qəzanın araşdırılması üçün beynəlxalq komissiya yaradılıb. Komissiyanın yekun rəyi açıqlanandan sonra qəzanın bütün detalları bəlli olacaq. Təbii ki, günahkarların cəzalandırılmasını tələb edəcəyik. Azərbaycanın tələbləri beynəlxalq hüquq normaları çərçivəsindədir. Biz qeyri-adi bir şey tələb etmirik. Cinayətin çərçivəsi tam şəkildə müəyyənləşəndən sonra Rusiyanın da tələblərimizə əməl etməsi vacibdir. Çünki, baş vermiş qəza ilə bağlı suallar çoxdur. Hesab edirəm ki, bütün suallar öz cavabını tapmalıdır.

- Ermənistanı bu gün yenidən sərhəddə atəşkəsi pozub təxribatlar törədir. Səbəb nədir, onu buna kim ruhlandırır?

-Fransanın verdiyi hərbi və siyasi dəstək sayəsində Paşinyan hakimiyyəti ruhlanaraq sərhəddə atəşkəsi pozur və  sülh müqaviləsinin imzalanmasında konstruktivlik göstərmir.  Makron bütün tədbirlərdə Azərbaycana qarşı qarayaxma və düşmənçilik kampaniyasını davam etdirir. Hətta, Dənizaşırı ölkələrdə Fransanın siyasətinin iflasa uğramasında da Azərbaycanı günahkar görür. Makron Afrika və Dənizaşırı öləklərdə iflasa uğrayaraq itirilmiş nüfuzunu Ermənistanı dəstəkləməklə Cənubi Qafqazda bərpa etmək istəyir.  Makron beynəlxalq hüququ silah gücü kimi başa düşür. Amma unudur ki, Azərbaycan onun əsarəti altındakı nə Dənizaşırı, nə də Afrika ölkəsidir.  Azərbaycan özünün ədalətini müdafiə etmək bacarığı olan, kifayət qədər gücə malik və ədaləti dəstəkləyən ölkədir. Paşinyan da anlamalıdır ki, Azərbaycanla yenidən müharibə baş verərsə, Makronun əsgərləri Azərbaycan əsgəri ilə döyüşməyəcək. Onlar ancaq aranı qarışdırmaqla məğuldurlar. Bu baxımdan Ermənistan rəhbərliyi siyasətini dəyişməli və regiona sülhün gəlməsi üçün tələblərimizi icra etməklə yekun sənədə imza atmağa tələsməlidir.

Ermənistanın silah arsenalını artırması onların sülh məqsədləri olmadığını göstərir. Qeyd etmək istəyirəm ki,  bu ildə Ermənistan hərbi büdcəsini 70% artırıb. O cümlədən əvəzi ödənilmədən Fransadan və digər ölkələrdən öldürücü silahlar gətirilməklə ordusunun gücünü artırmağa çalışır. Həm də sərhədimizdə NATO bazasını yaradaraq regionumuzu beynəlxalq geosiyasi maraqların toqquşduğu bölgəyə çevirir. Sual olunur: əgər Ermənistanın sülh məqsədləri varsa, hərbisinin gücləndirilməsi istiqamətində belə addımların atılması, büdcəsini əhalisinin sosial vəziyyətinin yaxşılamasına sərf etmək əvəzinə orduya yönləndirməsi nəyinə lazımdır. Yəni, Azərbaycan Ermənistanın torpaqlarında gözü olmadığını, yenidən müharibə istəmədiyini, sülhə və əməkdaşlığa dəvət etdiyini dəfələrlə bəyan edib. Azərbaycan sülhdən danışır, Ermənistan isə sülh deyərək silahlanmaya üstünlük verir. Ermənistanın sürətlə silahlanması ölkəmizi də hərbi gücünü artırmağa vadar edir. Belə ki, cari ildə dövlət büdcəmizdə 8,4 milyard manat hərbi xərclər nəzərdə tutulmuşdur. Biz də daha müasir silahlar almaqla ordumuzun peşəkarlığını artırırıq. Biz Ermənistana hərbi balansda bizi üstələməyə heç vaxt imkan verə bilmərik. Çünki , güclü ordumuz regionumuzda sülh və əməkdaşlığın təminatçısıdır. Əgər Ermənistan sürətlə silahlanmasa və sülh müqaviləsinin imzalanması üçün müvafiq prosedurları həyata keçirsə, biz də hərbi xərclərin bir hissəsini əhalinin sosial rifahının daha da yaxşılaşmasına və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayıra bilərik. Amma Ermənistanın hərəkətləri bizi hərbi gücümüzü daha da artırmağa məcbur edir.  Son günlər şərti sərhəddə atəşkəsin pozulması da Ermənistanın əsas niyyətini açıq göstərir. Əgər sən sülh və əməkdaşlıq istəyirsənsə niyə yenidən silaha əl atırsan... Təbii ki, ordumuz hələ ki, bu məsələyə səbrlə yanaşır. Amma bunun da bir son həddi olmalıdır. Ermənistanın təxribatları davamlı olarsa cavabımız çox ağır olacaqdır. 

-Laçın istiqamətində Ermənistanın atəşkəsi pozması, təxribatları geniş miqyas ala bilərmi?

-Laçın rayonunun Zabux və Cağazur istiqamətindəki mövqelərimizin atəşə tutulması Ermənistanın növbəti təxribatıdır.  Burada iki məsələ ola bilər: birinci məsələ Paşinyan ordusuna nəzarət edə bilmir və onunla müxalifətdə olan qüvvələrin istəyi ilə şərti sərhədimizdə atəşkəs pozulur. Digər bir məsələ isə Qərbin verdiyi silahlardan ruhlanan Paşinyan hakimiyyəti sülh müqaviləsi məsələsini gündəlikdən çıxarmağa çalışır. Ona görə də atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirir və sülhlə bağlı əldə olunmuş razılaşmaları heçə endirməyə çalışır. Azərbaycan ordusu erməni təxribatlarına hələ ki, səbrlə yanaşır. Amma səbrimizin də bir həddi var. Əgər Ermənistan şərti sərhədimizdə atəşkəsin pozulması hallarını intensivləşdirərsə, təbii ki, qabaqlayıcı tədbirlərin görülməsinə məcbur olacağıq.  Ermənistan ona dəstək verənlərdən aldığı iki-üç silahla özünü güclü hesab edərək belə təxribatlara əl atırsa, böyük səhv edir.  Paşinyan atəşkəsi pozmaq əvəzinə sülh müqaviləsi ilə bağlı tələblərimizi icra etməyə tələsməlidir.

- Stratfor “2025-ci il üzrə illik geosiyasi proqnoz” adlı hesabatında Cənubi Qafqazdakı proseslərə dair proqnozlarını açıqlayıb. Hesabatda Ermənistan və Azərbaycanın sülh sazişi əldə etmək üçün çalışacağı, lakin 2025-ci ildə yekun razılaşmanın əldə edilməsinin ehtimal olunmadığı vurğulanır. Sülh müqaviləsinin bağlanmasına maneə ola biləcək səbəbləri nədə görürsüz? 

 -2025-ci ildə də Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdiriləcək. Ola bilsin ki, müxtəlif platformalarda yüksək səviyyəli görüşlər də baş tutsun. Amma yekun sənədin bu ildə  imzlanmasını inadırıcı görmürəm.  Çünki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan cari ildə tələblərimizi icra edərək yekun sənədin imzlanmasına getsə Ermənistanda radikal müxalifətin əlinə fürsət verəcək. Qazax rayonun  4 kəndini bizə qaytararpq sərhədlərin delimitasiyaya başlananda da keşiş Baqratın rəhbərliyi altında Koçaryan və Sarkisyanın ssenarisi icra olunmağa başlanmışdı. Amma onlar bir nəticəyə nail ola bilmədilər. Bu baxımdan Paşinyanın bu il də sülh müqaviləsinin imzalanması ilə bağlı hər hansı bir ciddi addım atacağını gözləmirəm.

- Ermənistanda konstitusiya dəyişiklikləri - ölkədaxili siyasi dəyişikliklər sülh prosesini ləngidən səbəblərdən ola bilərmi?

-Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas tələbimiz ölkəmizə olan ərazi iddialarından rəsmi şəkildə əl çəkilməsidir. Bunun üçün Ermənistan konstitusiyasında mütləq şəkildə referendum yolu ilə müvafiq dəyişikliyi etməlidir. Təbii ki, gələn ildə Ermənistanda parlament seçkiləri gözlənilir.  Bu baxımdan Paşinyanın seçkiyə qədər konstitusiya dəyişikliyinə gedəcəyini inandırıcı görünmür. Çünki, Paşinyan konstitusiya dəyikşikliyi edərsə qarşıdan gələn seçkilərdə mövqelərinin zəifləyəcəyindən qorxur.

-Sərhədlərin demarkasiyası - sərhəd məsələlərinin tam həll olunmaması tərəflər arasında nə dərəcədə ciddi maneə olaraq qalır?

-Sərhədlərin demarkasiyası uzun çəkən bir prosesdir. Keçən ildə sərhədimizin 13 km-lik bir hissəsi delimitasiya və demarkasiya olundu.  Bununla  delimitasiya prosesinin mükünlüyünü təsdiq edilmiş oldu. Belə ki, iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə yaradılmış komissiyasının əsasnaməsi təsdiq olunub və müvafiq görüşlər keçirlir. Bu baxımdan sərhədlərin delimitasiyası prosesi çətin olsa da davam etdirləcək və iki ölkə arsında sərhəd xətti müəyyən olunacaqdır.  Təbii ki, bu məsələdə də Ermənistanın konstruktiv yanaşması prosesi sürətlədirə bilər.  

 

Seçilən
9
1
hafta.az

10Mənbələr