AZ

Cavabı Putindən eşitməliyik - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“Özünü Azərbaycanın strateji müttəfiqi olaraq təqdim edən bir ölkənin faktları bu dərəcədə gözardı etməsi və hadisənin baş verməsindəki günahını etiraf etməməsi, təbii olaraq Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə müxtəlif şəkildə təsir göstərəcək”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Rusiya tərəfindən qəzaya uğradılmasına baxmayaraq bu ölkənin məsələyə hələ də susqun qalması ilə bağlı açıqlamasında bildirib.

R.Bayramov qeyd edib ki, sözügedən qəza, hətta səhlənkarlıq səbəbi ilə baş versə də bir cinayət hadisəsidir. Onun fikrincə, bundan sonra Rusiya tərəfinin cinayəti ört-basdır etməyə yönəlmiş fəaliyyəti cinayətin ağırlaşdırılması əməlidir.

“Təyyarəyə eniş izninin verilməməsi, radiodalğalar vasitəsilə bloklanması və nəticədə Xəzər dənizi üzərində uzaq məsafəyə yönləndirilməsi ilk hadisəni ört-basdır etmək və izləri itirmək məqsədi güdürdü. Bu, faktlardır və Rusiya tərəfi nə desə də, bu faktları inkar etmək mümkün deyil”.

Politoloq hesab edir ki, Rusiyanın atmalı olduğu addım Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən ibarət olmalıdır.

“Tələblər isə çox sadədir. Cinayətə görə günahkarların etiraf edilməsi, bu hadisədə əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və təzminatın ödənilməsi. Ancaq biz Rusiyada hələ də ayrı-ayrı rəsmilərin bəyanatlarında hadisənin texniki səbəblərdən və ya başqa müxtəlif səbəblərdən baş verdiyi ilə bağlı yanlış mövqelər görürük. Bu cür yanaşma Azərbaycanı məcbur etdi ki, dövlətlərarası mülki aviasiya çərçivəsindən kənar xüsusi araşdırma tələb etsin. Bu tələblər nəticəsində Qazaxıstanın təşəbbüsü ilə beynəlxalq ekspert qrupu təyin edildi və bütün səylərə baxmayaraq, “qara qutu”nun açılması prosesi Rusiya və ya müvafiq mülki aviasiya qurumlarından deyil, birbaşa təyyarənin istehsalçı ölkəsinə həvalə edildi”.

Politoloq bildirib ki, dövlət başçısının məsələ ilə bağlı son açıqlaması, əslində, keçən ilin sonunda Azərbaycan Dövlət Televiziyasına verdiyi açıqlamanın davamı kimi qiymətləndirilməlidir. Prezidentin davamlı olaraq səsləndirdiyi bu tələblər göstərir ki, Rusiya tərəfi nəhayət bu günahı etiraf etməli və Azərbaycan tərəfinin tələblərinə uyğun hərəkət etməlidir. Çünki bütün faktlar ortadadır və Rusiya tərəfinin bu cür mövqeyi nə qədər yaxşı münasibətlər olsa da, iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərəcəkdir.

“Biz bu münasibətlərin pozulmaması və Rusiyanın müttəfiqliyə sadiqliyinin təmin olunması üçün konkret tələblər irəli sürmüşük və bu gün Prezidentin müvafiq açıqlamalarından sonra məsələ artıq birbaşa Rusiya tərəfinin cavabını tələb edir.

Bu məsələdə Çeçenistanda kimlərinsə və ya başqa bir hərbi komandanlıqda olan hər hansı kəsin cavab verməsi məqbul deyil. Bəyanatlar Azərbaycan Prezidenti tərəfindən verilibsə, buna cavabı da Putindən eşitməliyik. Özü də bu cavab Azərbaycanı qane edəcək şəkildə olmalıdır ki, bundan sonra iki ölkə arasında münasibətlərə xələl gəlməsin”.

 

Seçilən
15
hafta.az

1Mənbələr