Məlum olduğu kimi, bu ilin yanvarından ölkədə bəzi xidmətlər üzrə qiymət tənzimlənməsi baş verib. Tarif Şurasının bununla bağlı verdiyi qərardan sonra bahalaşma təhlükəsi vətəndaşlarda manatın məzənnəsi ilə bağlı narahatlıq yaradıb.
Bəs, görəsən, hazırda manatın məzənnəsinə təhlükə varmı? 2025-ci ildə manat ucuzlaşa bilərmi? Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına səbəb nədir?
Qeyd edək ki, beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək. Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, bu ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək. Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank 2025-ci ildə də valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər.
Yeri gəlmişkən, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil edib. Qeyd edək ki, bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 0,1 faiz azdır. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 faiz azalıb. 2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur. Təkcə dekabrda isə ARDNF-in valyuta satışının məbləği 634,5 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, yaxın bir neçə ildə manatın məzənnəsinin sabit saxlanılması hədəflənib: “Ümumiyyətlə, qarşıdakı bir neçə ildə manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1.70 AZN səviyyəsində qalacağının proqnozlaşdırılması hər şeydən öncə ölkədə valyuta bazarının tənzimlənməsində sərbəst üzən məzənnə rejiminə keçilməyəcəyinə işarədir. Bu isə ondan xəbər verir ki, demək, ölkəmizin iqtisadiyyatının birtərəfli inkişafının dominant rolu hələ bundan sonra da qalmaqda davam edəcək və gəlirlərimiz, tədiyyə balansı məhz neft-qaz sektorundan daxil olan Amerika valyutasından asılı olacaq. Odur ki, manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1.70 AZN səviyyəsindən aşağı və yuxarı dəyişmək sərf etmədiyindən, məzənnə bundan sonra da hələ bir neçə il sabit saxlanılacaq. Çünki məzənnə dəyişikliyi idarəetmədə, sosial aspektdə və digər istiqamətlərdə əlavə problemlər ortaya çıxaracaq, bir sıra çətinliklər yaradacaq. Belə ki, istehlak qiymətləri yüksələcək, maaşları və sosial ödənişləri artırmaq lazım gələcək, investisiya xərclərinə yenidən baxmaq zərurəti yaranacaq və s. Ancaq iş bundadır ki, qlobal bazarlarda qiymət konyunkturası sözügedən bu istəyi gerçəkləşdirə də bilər, gerçəkləşdirməyə də. Ona görə də manatın qarşıdakı illər ərzində məzənnəsinə dair yanaşma sadəcə olaraq, bir "arzu və yaxud istək" kimi qəbul edilməli və qiymətləndirilməlidir. Həqiqətdə isə, bu barədə dəqiq proqnoz vermək mümkün deyil və düzgün sayılmır”.
Ekspert vurğulayıb ki, xeyli müddətdir, enerji vasitələri üzrə qlobal bazarlardakı vəziyyət ölkəmizin tədiyyə balansı və onun tərkib hissəsi olan xarici ticarət üçün maraqlarımıza cavab verir: “Və elə bunun nəticəsidir ki, valyuta bazarımızda sabitlik hökm sürür və manat ABŞ dollarına nəzərən 1.70 AZN nöqtəsində qalıb. Ancaq, buna daimi olaraq güvənmək olarmı? Məsələ bundadır ki, 2023-cü ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsi azalır, idxal-ixrac əməliyyatlarının həcmi dəyişir - müsbət saldo enir. Buna səbəb təkcə, neft-qaz sektoruna deyil, qeyri neft-qaz məhsullarına aid məhsulların ixracının və dəyərinin də azalmasındadır. Belə ki, iqtisadiyyatımızda birtərəfli inkişafa son qoymaq üçün prioritet seçdiyimiz hətta qeyri-neft-qaz sektoru üzrə də ixracımız cari il ərzində azalma nümayiş etdirib və etdirir. Bu isə yaxşı tendensiya deyil. Üstəgəl, neft hasilatımız da azalır və qaz üzrə isə gəlirlilik neftdə olduğu kimi hesab edilmir. Və nəhayət, dünya bazarlarında neftin qiymətinə dair proqnozlar da yaxşı deyil. Düzdür, qiymət səviyyəsi 50 ABŞ dolları həndəvərində olarsa da belə bu, bizim üçün təhlükəli sayılmır. Ancaq hər halda, neftin 60 ABŞ dollarından aşağı olması bizim üçün sərfəli deyil və bunun özü də uzun müddət davam etməməlidir. Digər bir tərəfdən, ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı söz verdiyi kimi, dünya bazarında neftin qiymətini bir barel üçün 40 dollara endirsə, o zaman manatın digər valyutalara nisbətən sabitliyini qorumaq problem olacaq. Beləliklə, bu mənada qlobal maliyyə sistemində çox şey ABŞ-ın yeni prezidentinin hərəkətlərindən və verdiyi qərarlardan asılı olacaq. Yaxın 3 ay ərzində hər şey daha aydın şəkildə özünü göstərəcək”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov isə Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması səbəblərinə toxunaraq deyib ki, müxtəlif dövlət layihələri, müdafiə və digər öhdəliklərlə bağlı görülən işlər, yəni dövlət xərclərinin icrasına yönələn vəsaitlər nəticədə valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb: “Bunun davamlı xarakter daşımadığını nəzərə alsaq, qarşıdakı dönəmdə hər hansı ciddi təhdidlərin olacağını düşünmürəm. Manatın məzənnəsinə gəlincə, artıq bir neçə ildir ki, hökumət ölkədə maktoiqtisadi tarazlığı qoruyub saxlamaq üçün manatın məzənnə stabilliyinə üstünlük verib. Böyük ehtimal ki, 2025-ci ildə də bu siyasət davam etdiriləcək”.