AZ

“TÜRKİYƏ TRAMPIN YOX, AZƏRBAYCANIN RƏYİNİ NƏZƏRƏ ALACAQ” - “Bu il sülh müqaviləsinin imzalanacağını gözləmirəm”

İlham İsmayıl: “Azərbaycan göstərdi ki, birmənalı şəkildə Rusiyanın yanında deyil, yeri gələndə Moskvanı ittiham etməyi də bacarır”

Təhlükəsizlik sahəsi üzrə tanınmış ekspert İlham İsmayıl siyasi gündəmin aktual mövzuları ilə bağlı “AzPolitika.info”-nun suallarını cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Prezident yerli televizya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” dedi. Siz perspektivi necə görürsüz? Ermənistan Azərbayanın şərtlərini qəbul edəcəkmi?

- Təbii ki, dövlət başçısı bölgədə gedən proseslərlə bağlı ən dəqiq informasiyaya sahib şəxs olduğuna görə çox inamla Zəngəzur dəhlizinin açılacağını bildirir. Bunun səbəbləri var. Əvvəla, Azərbaycan ona görə inamlıdır ki, qlobal və regional güclər bizi yox, Ermənistanı sıxışdırır. Qərb istəyir ki, Rusiya orda təhlükəsizlik məsələlərinə nəzarət etməsin. Faktiki olaraq Zəngəzur dəhlizinə də qarşı çıxmasın. Rusiya isə bunu istəmir. Çox qəribədir ki, üçüncü bir dövlətin orada olmasını isə İran istəmir. Rusiya hazırda təklənmiş bir vəziyyətdədir. İndi Rusiya ətrafında gedən proseslərdən də görmək mümkündür ki, bu ölkə zəifləyib. İstər Qərbin, istərsə də, Rusiyanın şərtləri Azərbaycan üçün keçərlidir.

- Azərbaycanın da öz şərtləri var...

- Bəli. Nikol Paşinyan da bu məsələdə müsbət fikirlər səsləndirib ki, “biz Azərbaycan üçün yumşaldıcı şərtlər tətbiq edəcəyik”. Burada rüsum, yoxlama məsələlərindən söhbət gedir. Təbii ki, Zəngəzur dəhlizinin açılması uzun vaxt aparan bir prosesdir. Çünki nə magistral, nə də dəmiryol xətti yoxdur. Mütəxəssislərin rəyinə görə, bu yolun tikintisi 4 ildən tez mümkün görünmür. Amma dediyim kimi, əsas odur ki, şərtlər qəbul olunsun. Şərtlər qəbul olunarsa, Zəngəzur dəhlizinin açılması sürətlənə bilər.

- Trampın hakimiyyətə qayıdışının dünya siyasətində ciddi dəyişikliklərə səbəb olacağı proqnozlaşdırılır. Prezident də müsahibəsində buna işarələr vurdu. Bizim regionda hansı dəyişikliklər mümkündür?

- Trampın hakimiyyətə qayıdışını az qala bütün dünya gözləyir. Trampın qayıdışı ilə bağlı Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər ön plandadır, nəinki bizim bölgə. Tramp öz ölkəsinin daxili məsələlərinə diqqəti yönəldəcək. Bu, onun siyasətinin əsas xətlərindən biridir. İnanmıram ki, Trampın qayıdışı Cənubi Qafqazda hansısa dəyişikliklərə gətirib çıxaracaq. Deyə bilərik ki, Trampın dövründən Azərbaycan-ABŞ münasibətləri həmişə normal olub. Hətta 2020-ci ildə 44 günlük müharibə başlayanda da Tramp dövlət başçısı idi. Onun məsələlərə münasibəti Azərbaycan üçün uyğun idi. Bütövlükdə Ermənistana münasibətini də deyə bilərik. Düzdür, seçkiqabağı bir sıra erməniyönlü bəyanatlar vermişdi. Kamala Harrisi tənqid etmişdi ki, niyə “artsax”dan çıxan ermənilərin qarşısını ala bilməmisiz. Amma Tramp da bilir ki, Qarabağı tərk etmiş ermənilərin geri qayıdası məsələsi gündəmə gələsi deyil. Tramp maksimum çalışacaq ki, Rsuiyanın Cənubi Qafqazdan sıxışdırsın. Bu da Ermənsitanla bağlıdır. Mən xüsusi bir dəyişikliyin olacağını gözləmirəm. Ən əsas məsələ sülh müqaviləsinin bağlanmasıdır. Düşünürəm ki, Tramp bu məsələdə daha konkret addımlar atacaq və tərəfləri buna çağıracaq.

- O zaman 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? Qərbin, Rusiyanın bu prosesə müdaxiləsi olacaqmı?

- ABŞ Prezidenti 20 yanvarda səlahiyyətlərinin icrasına başlayan zaman mümkündür ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı bəzi çağırışlar etsin. Amma biz bilirik ki, hazırda iki razılaşdırılmayan şərt qalıb. Onlardan biri uzun zaman tələb edən prosesdir. Bu, konstitusiyanın dəyişməsi məsələsidir. Dəyişiklik kifayət qədər zaman tələb edir və Paşinyanın əleyhinə bir məsələ olduğundan çox güman ki, referendum keçirilməyəcək. Bunu 2026-cı ildən sonraya saxlayacaqlar. Hər halda, seçkiyə bir ildən bir qədər artıq vaxt qalıb. Mən 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Çünki o şərtlərin qısa zamanda qəbulu mümkün deyil. Amma Trampın çağırışı ilə tərəflər çərçivə sazişi imzalaya bilərlər. Perspektivdə Ermənsitan konstitusiyaya dəyişikliklər etməklə bağlı üzərinə öhdəlik götürə bilər.

Seçilən
21
1
azpolitika.info

1Mənbələr