AZ

Mücərrəd sevginin konkret ünvanı

Migel de Unamunonun “Duman” romanı haqqında

Auqusto Euxeniyanın ata mülkünü girovluqdan çıxarandan sonra qız onun hədiyyəsini, daha doğrusu, qurbanını qəbul eləmir, onunla əlaqəni biryolluq kəsməyə qərar verir. Oğlan qızın qərarına hörmətlə yanaşır, onu unutmaq üçün uzaq səfərə çıxmağa hazırlaşır. Əslində, Euxeniyada qeyri-adi heç nə yoxdur, eynən Don Kixotun Dulsineyası kimi onu da mələyə çevirən Auqustonun ona ilahi münasibəti, onu Tanrı eşqiylə sevməsidir.

Çamaşırxanada işləyən zəhmətkeş, məsum Rosario mərhum donya Soledadın arzusuna daha uyğun gəlin ola bilər, ancaq sələfi knyaz Mışkin kimi don Auqusto da işin düzələninə yox, qəlizinə gedir. Knyaz Mışkin üzü üzlər görmüş əzabkeş, isterik Nastasya Filippovna ilə məsum, məğrur general qızı Aqlaya Yepançinanın arasında qalanda birincini seçdiyi kimi, don Auqusto da dinclik, rahatlıq mələyi Rosarionu qırağa qoyub isterik, travmatik Euxeniyanın ətəyindən yapışır.

Əslində, Mışkin kimi Auqusto da real insandan daha çox obrazdır, konstruktdur, sələfitək o da evlənmək, arvad-uşaq becərmək üçün yararsızdır, onların nişanı da, nikahı da rəmzi xarakter daşıyır. Nastasya Filippovna gəlinlik paltarında iblis Roqojinə necə qoşulub qaçmışdısa, Euxeniya da Auqusto ilə toyu ərəfəsində az qala gərdəkdən qaçıb Maurisionun yedəyində uzaqlara vasil olur.

***

Bu iki infernal qadın hər iki cənnət sakininin ilahi dəftərxanada qeydə aldırdığı nikahı pozur, mazoxistik bir şövqlə öz fəlakətinə doğru yüyürə-yüyürə, sevinə-sevinə gedir. Nastasya Filippovnanın aqibəti bəllidir, əminəm ki, Euxeniyanın da sonu ondan yaxşı gəlməyəcək. Buna qədər biz onu da, seçdiyi oğlanı da yaxşıca tanımağa imkan tapmışıq. Məğrur Euxeniya sonda Auqustodan nə ala bilərdisə, hamısını alır, hələ ona gələcək birgəlikləri üçün neçə-neçə şərt də qoyur; şərtlərdən biri budur ki, Auqustonun sevimli iti, könül həmdəmi Orfey toydan sonra onlarla bir evdə yaşamayacaq. Ondan ötrü nə qədər ağır şərt, şərtdən çox cəza olsa da, Auqusto bunu da qəbul eləyir.

Maurisio Euxeniyanın ərə getməyinə həvəslə razılaşır, çünki bundan sonra əli-qolu açılacaq, üstəlik, onun Euxeniyanın məşuqu roluna götürülməyə də ümidi var. Fəqət məğrur Euxeniya ayrı plan cızıb: sevgililər birləşib sadədil Auqustonu inandırırlar ki, Maurisioya uzaq bir şəhərdə iş tapsa, oğlan Rosarionu da götürüb buralardan aralanacaq - həm gənc ər-arvadın qulağı dinc olacaq, həm də iki nakam sevgili birlikdə kama çatacaq, bir-birindən təsəlli alacaq, beləliklə hamı bu işdən zərərsiz çıxacaq.

Aydın məsələdir ki, riyakar Euxeniyanın amansız davranışı çox keçmədən öz başında çatlayacaq, ancaq Dostoyevskidən fərqli olaraq Unamuno sinirlərindən qan daman zədəli qadın qəhrəmanının faciəli aqibətini görməyə imkan vermir.

***

Aldadılmış, alçaldılmış, quru yurdda qalmış Auqustonun qəlbində cövlan eləyən fırtına yatandan sonra qəhrəman özünü öldürmək fikrinə düşür. Dostu Viktor Qoti də ona bu çıxış yolunu məsləhət görür.

Tərəddüd keçirən qəhrəman Salamankaya - əsərin müəllifi Migel de Unamunonun hüzuruna yollanır. Müəllif personajı başa salır ki, o heç vəchlə özünə qəsd eləyə bilməz, çünki o nə canlı, nə də ölüdür, gerçək həyatda yoxdur, bu səbəbdən taleyinə sərəncam verməsi də mümkün deyil. Auqusto yalnız ona öz ruhundan nəfəs üfürən Müəllifin xəyalında, yuxusunda canlıdır, ondan kənarda bu adda, bu nişanda adam yoxdur. Doğrudan da, ölümsüz ruh, əbədi ideya öz varlığına necə son qoya bilər? Onu meydandan yalnız ideya sahibi özü götürə bilər.

Əsərin bir fəslində müəllif öz dilindən iki aparıcı personajı - Viktorla Auqusto haqqında deyir: “Bu yazıqlar anlamırlar ki, çalışdıqları vur-tut mənim onların başına gətirdiklərimə bəraət qazandırmaqdır! İnsan özünə bəraət axtaranda əslində ancaq Allaha bəraət vermiş olur. Bu zavallı kitab məxluqlarının da allahı mənəm”.

Migel de Unamunodan öz həqiqiliyinə, müstəqilliyinə rüsxət ala bilməyən Auqusto Müəllifə qarşı qiyama qalxır, bu despotizminə görə onu öldürmək istədiyini gizlətmir. Deyir ki, don Migel, bəlkə gerçək dünyada yaşamayan, nə diri, nə ölü olan uydurma qəhrəman mən yox, elə siz özünüzsünüz? Bəlkə siz mənim qəziyyəmin dünyaya car çəkilməsi üçün vur-tut bir vasitəsiniz? Axı özünüz dönə-dönə vurğulamısınız ki, Don Kixot da, Sanço Pansa da Servantesdən qat-qat real varlıqlardır?..

***

Bu minvalla müəlliflə qəhrəman arasında fəlsəfi-estetik zəmində uzun bir polemika açılır. Bayaqdan özünü öldürmək haqqında düşünən personaj indi müəllifdən yaşamaq üçün möhlət istəyir, ancaq don Migel buna qəti etiraz eləyir, qəhrəmanını inandırmağa çalışır ki, artıq onun yazğısı yazılıb, roman bitib, ox yaydan çıxıb. Allah da gerçək həyatda insana vəzifə tapmayanda onu öldürüb sıradan çıxarır. Yazıya pozu yoxdur, don Auqusto Peres öləcək, özü də müəllifin sərəncamıyla.

İndiyəcən onun azad, sərbəst gəzib-dolaşması, sürpriz dolu təsadüflərlə çilik-ağac oynaması, fani dünyada özünə beş günlük xoşbəxt həyat kirələməyə çalışması - hamısı aldatmaca, hamısı illüziya imiş. Onun taleyi zəhmli Müəllifin iki qüdrət barmağı arasındaymış - o barmağın biri həyat, o biri ölüm adlanır.

Auqusto əli ətəyindən uzun evə qayıdır. Özünə bol süfrə açdırır, bəyəndiyi nemətlərdən o ki var yeyir. Deyirlər, ölümə məhkum dustağın da edam qabağı iştahı belə açılır - görünür, bu da orqanizmin özünü qorumaq, yaşatmaq üçün şüursuz, ümidsiz bir cəhdidir.

Axşam Auqusto canını tapşırır. Həkim onun ürəyindən, nökər çox yediyinə görə mədəsindən, qulluqçu isə son vaxtlar hətərən-pətərən danışdığına görə başından öldüyünü güman eləyir. Heç kimin ağlına gəlmir ki, onu öldürən öldürüb. Müəllif göstərir ki, hər bir varlıq yalnız onu yaradanın, hər məxluq da xaliqinin fikrində, xəyalında, yuxusunda yaşayır. Orada doğulur, oradan vücuda gəlir, sonda oraya da qayıdır.

***

Roman boyu ana süjetə qoşulu xeyli köməkçi xətt də var. Bu yardımçı hekayələrin hər birində əsərin başlıca ideyasına bağlı bir əhvalat danışılır, həmin əhvalat süjet baxımından olmasa da, mövzu, məzmun baxımından romanın kontekstinə oturdulur.

Epiloq don Auqustonun sadiq köpəyi, adına xüsusi məna yüklənmiş Orfeyin dilindən təqdim olunur: “Yazıq sahibim! İndən belə onun halı necə olacaq? Hara getdi onun danışan dili, arzularla çırpınan qəlbi? Ola bilsin, göylərə çəkilməkdədir - göyün ən uca, ən təmiz qatına, insanların Əflatuni-ilahi adlandırdığı kişinin dediyi o yüksək mərtəbəyə, o yerə ki, orada hər şey bütün rənglərin əsli-köküylə boyanıb. O, başı dünyanın çətirinə dəyənə qədər ucalacaq, o qata qədər ki, bütün qiymətli daşlar, bütün zinətlər dünyaya oradan yağır, günahlardan arınmış bütün saf, məsum insanlar orada məskən salıb, onlar orada hava içir, efirlə nəfəs alırlar. Müqəddəslərə xidmət göstərmiş təmiz ruhlu itlər də o qatda məskunlaşıb...”

Özünə Tanrı bildiyi yiyəsinin öldüyünü görəndə Orfeyin it ruhunu qatı qara duman basır, az keçmiş nökərlə qulluqçunun gözü qarşısında o da it canını ideyalar aləminə tapşırır. Orfey bizi inandırır ki, Platonun cənnətinə düşən ruhlar efirin saf məcunuyla yuyulub təmizlənir, sonda hamı kökünə, orijinalına, mahiyyətinə qovuşur. Xaos dumanı ayazıyır, həyat aydınlığa çıxır, var olan varlıq, cümlə məxluqat əslinə qayıdır.

F.Uğurlu

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr