Cümə axşamı, yanvarın 9-da baş tutan Ramşteyn formatı görüşünün nəticələrinə görə Ukrayna 2 milyard dollar dəyərində əlavə dəstək paketləri alacaq...
Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Biz-Ukrayna" telekanalına açıqlamasında bildirib.
O, 8 qabiliyyət koalisiyasından da danışıb:
"Bu, artıq kağız üzərindədir. Artıq 34 ölkə bu strateji koalisiyaları dəstəkləyir. Aydınlaşdırmaq üçün deyim ki, bu, hava hücumundan müdafiə koalisiyası, raketdən müdafiə, İT koalisiyası, minalardan təmizləmə, dəniz koalisiyası, səma, artilleriya və s.-dir".
Prezident vurğulayıb ki, bütün bunlar Ukraynanı gücləndirir.
Kanadanın müdafiə naziri Bill Blair ölkəsinin Ukraynaya hərbi yardım üçün 440 milyon Kanada dolları (305 milyon dollardan çox) ayırdığını bildirib. Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Kanadadan hərbi yardımın ümumi dəyəri 4,5 milyard Kanada dollarına (təxminən 2,9 milyard ABŞ dolları) çatıb.
Öz növbəsində Almaniyanın müdafiə naziri Boris Pistorius görüşdən sonra Berlinin IRIS-T hava hücumundan müdafiə sistemləri üçün əlavə idarə olunan raketləri ən qısa zamanda Ukraynaya təhvil verəcəyini açıqlayıb. Onun sözlərinə görə, raketlər əvvəlcə Bundesver üçün nəzərdə tutulub, lakin onlar istehsaldan birbaşa Ukraynaya yönləndiriləcək.
Bundan əlavə, Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb - sonuncusu prezident Bayden administrasiyası tərəfindən ayrılıb. Onun məbləği 500 milyon dollar olacaq. Buraya, xüsusən AIM-7, RİM-7, AIM-9M hava hücumundan müdafiə raketləri, hava-yer döyüş sursatları, F-16 üçün köməkçi avadanlıqlar və s. daxildir.
Poliqon.info