AZ

Ən vacib prioritetlərdən biri

İlham Əliyev: Dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələlərinə 8,4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Postmüharibə dövründə respublikamızın işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramlarını həyata keçirməsi kontekstində bu, kifayət qədər böyük rəqəmdir. Axı həmin vəsaitlərin bir hissəsini işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə yönəltməklə bu prosesi daha da sürətləndirmək mümkün olardı. Doğru məntiqdir. Ancaq məğlub Ermənistanın sürətlə silahlanmasını və havadarlarının təhriki ilə yeni müharibə hazırlıqları gördüyünü nəzərə aldıqda Azərbaycanın hərbi və təhlükəsizlik məsələlərinə böyük büdcə ayrılmasının səbəbləri aydın olur.

Bununla belə, respublikamız işğaldan azad edilmiş ərazilərin bərpasını sürətlə davam etdirmək əzmindədir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bunu bir daha bəyan edib. “Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb

Daha 20-yə yaxın yaşayış məntəqəsinə köç olacaq

Postmüharibə dövründə yeni strateji mərhələdə respublikamızın qarşısında duran beş milli prioritet müəyyənləşdirib ki, onlardan biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə və qısa müddətdə həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Bəhs olunan Dövlət Proqramına uyğun olaraq ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, yaşayış məntəqələrinin, tarixi abidələrin  bərpası, istehsal müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Əlamətdar haldır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdış Proqramının icrasını şəxsi nəzarətində saxlayır. O, tarixi zəfərlərimizin baş memarı olduğu kimi, bərpa və yeidənqurma işlərinə də böyük həssaslıqla yanaşır, mütəmadi olaraq birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edərək müxtəlif layihələrin icrası ilə bağlı Özünün dəyərli tövsiyələrini verir. Qeyd edək ki, dövlətimizin başçısı postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərə 100 dəfədən çox səfər edib və hər səfər də yeni açılışlarla, təməlqoyma mərasimləri ilə əlamətdar olub. Artıq tarixə dönən 2024-cü ildə Prezident İlham Əliyev Füzuliyə, Şuşaya, Laçına, Cəbrayıla, Zəngilana, Ağdama, Kəlbəcərə və digər ünvanlara səfərlərə gedib. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. O, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Ötən il dövlətimizin başçısının Xankəndinə səfəri də əlamətdar hadisələrlə yadda qalıb.  Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.

Ötən il Şuşaya və Xocalıya ilk köçlərin baş tutması son dərəcə mühüm hadisələrdir. Bu iki yaşayış məntəqəsi bizim üçün müstəsna önəm daşıyır. Bütövlükdə, postmüharibə mərhələsində I Böyük Qayıdış Proqramı 10 minədək soydaşımızı əhatə edib.  2026-cı ilədək isə 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş ərazilərdə müxtəlif sahələrdə çalışan işçilər də nəzərə alınmaqla 30 minə yaxın insan  yaşayır.

Cari ilin sonunadək daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması təmin ediləcək və beləliklə də məskunlaşdırılan yaşayış məntəqələrinin sayı 30-a çatacaq.

Məskunlaşdırma proqramının əhatə dairəsi genişlənəcək

Perspektivdə ərazilərin məskunlaşdırılması daha sürətlə həyata keçiriləcək. Məlumdur ki, ötən dövrdə əsas diqqət ərazilərin minalardan təmizlənməsinə və zəruri infrastrukturun qurulmasına yönəldilib. Ən çox vəsait də infrastruktur layihələrinin icrasına sərf olunur. Bildirildiyi kimi, 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları, dəmir yolları inşa edilir. Artıq 30-dan çox su elektrik stansiyası işə salınıb. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri inşası başa çatacaq və ondan sonra yaşayış fondunun yaradılmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev bildirib ki, əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib.

Prezident İlham Əliyev müharibə başa çatandan dərhal sonra bəyan etmişdi ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, Qarabağ öz təbii quruluşuna, gözəlliyinə görə onsuz da cənnətdir. Amma böyük səylərlə yaradılan müasir infrastruktur, yaşayış və  iş yerləri, rahatlıq bu yerləri doğrudan da dünyanın ən gözəl guşələrindən birinə çevirəcək.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid məkan kimi inkişaf etdiriləcək

Prezident İlham Əliyev  müsahibəsində həm tarixilik, həm də müasir çağırışlar nöqteyi-nəzərindən böyük akualıq daşıyan mühüm bir mesaj verib. “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Yaxın vaxtlarda  Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına start veriləcək. Sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlanacaq. Eyni zamanda,  Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bildirildiyi kimi, bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik.

Mübariz FEYİZLİ

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr