Hindistan Hərbi Dəniz Qüvvələri altı ədəd sifariş edilən “Kalvari” sinifli dizel-elektrik sualtı qayığının sonuncusunu qəbul edib.
Herbiand.az bildirir ki, TASS agentliyi bu barədə Mazagon Dock Shipbuilders Limited (MDL) gəmiqayırma şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Project 75 proqramı çərçivəsində Hindistan Hərbi Dəniz Qüvvələri 2005-ci ildə altı “Kalvari” sinifli sualtı qayıq sifariş etmişdi. Müqavilə Mazagon Dock Shipbuilders və Fransanın DCNS (indiki Naval Group) şirkəti ilə imzalanıb. Bundan sonra fransız şirkəti dizel-elektrik sualtı qayıqların istehsalı üçün lazım olan texnologiyaları Yeni Dehliyə ötürüb.
“Kalvari” sualtı qayıqların uzunluğu 67,5 metr, eni 6,2 metrdir. Qayıq hər birinin çəkisi 750 kq olan 360 akkumulyator batareyası ilə təchiz edilib. Suyun altında maksimum sürəti 20 düyündür. Ekipaj 8 zabit də daxil olmaqla 44 nəfərdən ibarətdir. Silahlanmasına 533 mm-lik SUT 266 torpedalar, SM-39 “Exocet” gəmi əleyhinə raketlər və minalar daxildir.
“Kalvari” düşmənin sualtı qayıqları və gəmiləri ilə döyüşmək, kəşfiyyat aparmaq, xüsusi əməliyyat qüvvələrini dəstəkləmək, mina qoymaq və s üçün istifadə oluna bilər. Onlar müxtəlif iqlim şəraitinə, o cümlədən tropiklərə uyğunlaşdırılıb və dəniz qüvvələrinin xüsusi təyinatlı qrupunun bir hissəsi kimi istifadə üçün rabitə vasitələri ilə təchiz edilib.
Bəxtiyar CƏFƏRLİ