AZ

Azərbaycanda çörək bahalaşacaq?

Ekspert çörəyin qiymətinə ən çox təsir edən faktorlardan danışıb.

Bildiyimiz kimi, Azərbaycanda son aylarda unun qiyməti artıb. Belə ki, ötən ilin aprel ayında 50 kiloqramlıq unun satış qiyməti 25,5 manat təşkil edirdisə, noyabrdan eyni məhsul 27 manatdan yuxarı satılır. Bu da öz növbəsində çörək qiymətlərinin aqibəti ilə bağlı sual yaradır.


Un qiymətlərindəki dəyişiklik çörək satışlarına nə dərəcədə təsir göstərir?

Mövzu ilə bağlı fikirlərini “Operativ Media” ilə bölüşən iqtisadçı Xalid Kərimli bildirib ki, çörək qiymətlərinin artmasında digər faktorların rolu daha çoxdur:

“Un qiymətlərinin cüzi artımı çörək qiymətlərinə təsir göstərməyəcək. Amma çörəyin qiymətinin artmasına təsir edən digər faktorlar var. Enerji və işçilik xərcləri çörəyin bahalaşmasına daha çox təsir edir. Misal üçün, bu il kommunal xərclərdəki artım təbii olaraq, zavodların iş rejiminə də öz təsirini göstərəcək. Belə ki, xərclər artıqca çörək biznesinin maya dəyəri də artır. 

Bu xərclərə paralel, işçilərin maaş artımı da çörəyin qiymətinin bahalaşmasına səbəb olacaq amillərdəndir. Yəni hazırkı məqamda unla bağlı amillərin çörəyin qiymətinə təsir etmə imkanı, digər xərclərə nisbətdə daha zəifdir”. 

Qeyd edək ki, hazırda 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda təqribən 796 min ton çörək istehsal edilib. Bu da illik müqayisədə 9.5 faiz azalma təşkil edir. Azalma həmçinin buğda ununda da müşahidə edilir. Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında təqribən 897 min ton buğda unu istehsal edildiyi halda, bu, 2024-cü ildə azalaraq 872 min tona düşüb.

Seçilən
27
operativmedia.az

1Mənbələr