Dövlər Neft Fondu ötən ilin 9 ayı ərzində 1 milyard 929 milyon dollar dəyərində 25 ton qızıl alıb.
Azpost.az bildirir ki, bu barədə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
“Əlavə alışlar və qızılın qiymət artımı nəticəsində, 2024-cü ilin 3-cü rübünə ARDNF-nin investisiya portfelində qızılın ümumi miqdarı 127 ton və ya 10 milyard 845 milyon dollara yüksəlib və beləliklə qeyd edilmiş tarixə portfelin 18 faizini təşkil edib”deyə o vurğulayıb.
İ.Məmmədovun sözlərinə görə, qızıl ehtiyatlarının artırılması xarici valyuta ehtiyatlarının şaxələndirilməsi ilə yanaşı, risklərin azaldılması baxımından da strateji əhəmiyyətə malikdir. Qızıl inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq üçün mühüm rol oynayır.
Bundan əlavə, qızılın tarixən dəyər saxlayan bir aktiv kimi etibarlılığı onu xarici valyuta rezervlərində əhəmiyyətli yerə sahib edir. Son dövrlərdə yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb.