Bakı, 11 yanvar, AZƏRTAC
Mən qobelen ixtisasını bitirmişəm və artıq bir ildir ki, YARAT Müasir İncəsənət Məktəbində təhsil alıram. Artıq biz yekun sərgidə öz əsərlərimizi nümayiş etdiririk. Bundan öncə də bir çox sərgilərdə iştirak etmişəm. Bir neçə həftə əvvəl İstanbulda, daha sonra isə Moskvada işlərimiz sərgilənmişdi.
Bu barədə AZƏRTAC-a müsahibəsində YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbəsi Jalə Əzizova bildirib. Sərgidə təqdim etdiyi əsər barədə məlumat verən Jalə Əzizova bu sənəti daha həvəslə davam etdirəcəyini söyləyib: "Əminliklə deyə bilərəm ki, mən bu gün işlədiyim texnika installiyasiyadır. Qobelenə bənzəsə də, əslində, qobelen kimi saplarla toxunsa da, texnika olaraq fərqli texnikadır. Heykəl tipli bir obyekti əşya kimi göstərmək istəmişəm. Bizdə bu texnikanı indiyədək işləyən olmayıb və ilk dəfə istifadə edirəm. Doğrudan da, baxıram ki, buna tamaşaçıların da marağı var. Bu, məni çox sevindirir. Sonraki əsərlərimdə bu texnikalardan istifadə edəcəyəm. Bugünkü sərginin mövzusu "Sonluqdan sonsuzluğa"dır. Ancaq mən öz işimdə utopik bir quruluşu götürmüşəm və burada də rəng elementləri olaraq mavi, yaşıl və qəhvəyi tonlardan istifadə etmişəm”, - deyə gənc rəssam bildirib.