AZ

Azərbaycan Aİ ailəsinə üzv olmağa can atmır

İlham Əliyev: Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik...

2025-ci ilin qlobal münasibətlər sistemində mühüm dəyişikliklərlə müşayiət olunacağı proqnozlaşdırılır. Bu mənada beynəlxalq aləmin özünü “yeniləməsi” prosesi təbii qarşılanmalıdır. Xüsusilə, ötən dövrdə beynəlxalq hüquqa nəzərən qeyri-adekvat mövqe tutan təşkilatlar və dövlətlər xarici siyasət kurslarına, yanaşmalarına və qərarlarına diqqət yetirməlidirlər - əks halda, onların ətrafında formalaşan mənfi imic get-gedə daha da güclənəcək.

Aİ Ermənistanın tərəfini tutdu...

Azərbaycanın yürütdüyü milli maraqlara əsaslanan, müstəqil siyasət kursu ümumən Cənubi Qafqaz coğrafiyasına yeni bir sima qazandırıb. Bu isə yeni beynəlxalq münasibətlər sisteminə fərqli şəkildə daxil olmağı planlaşdıran Cənubi Qafqazın maraqlı qlobal güclərin bölgəyə fokuslanmış və təzyiqə əsaslanan müdaxilələrini fərqli statusla qarşılaması ilə nəticələnir. Artıq güc rıçaqlarından istifadə etməklə bölgədə “siyasi tərəzi”nin tərəfini ağırlaşdırmaq mümkün deyil - xüsusilə, işğalçı Ermənistanın yaratdığı imkanlardan yararlanaraq bölgədə nüfuz dairəsi yaratdığını düşünənlərin həzin sonluğu göz önündədir. Bu sırada Avropa İttifaqının adı xüsusi çəkilməlidir - arxada qalan bir ildə Aİ konstruktiv olmayan addım və qərarları ilə yadda qalıb. Xüsusilə, Avropa Komissiyasının anti-Azərbaycan fəaliyyəti, qeyri-hüquqi müzakirələri, COP29-a qarşı aparılan kampaniya bunu deməyə əsas verir.  Nəzərə alsaq ki, artıq AK-da yeni komanda formalaşır, münasibətlərin gələcək inkişafı da maraq kəsb edir. Aİ özünün köhnə “vərdişlərindən” əl çəkəcəkmi, yoxsa siyasət eynilə davam etdiriləcək - bu həm də, Aİ-Azərbaycan münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirəcək. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir: “Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu”.

Hər şey Azərbaycana münasibətdən asılı olacaq...

Aİ-nin Azərbaycana qarşı nümayiş etdirdiyi davranış birmənalı şəkildə ədalətsizdir. Ermənistanın silahlandırılmasında Avropa Sülh Fondu vasitəsilə oynanılan rol, Fransanın təhriki ilə əleyhimizə qəbul olunan qərarlar, Ermənistan ilə münasibətlərin normallaşması prosesində tutduğu mövqe quruma olan inamı və etimadı sarsıtdı - beləliklə də, Azərbaycan dövləti Aİ-ni ümumən normallaşma prosesindən kənarlaşdırdı.

Gələcək münasibətlərin inkişaf dinamikası isə daha çox Aİ-nin gələcək mövqeyindən asılı olacaq. Qurum ölkəmizlə səmimi münasibətlər qurmağa çalışacaqsa, ikitərəfli əməkdaşlığın beynəxalq hüquq və milli maraqlar çərçivəsində yürüdülməsinə öz töhfəsini verəcəksə, Bakının da mövqeyi adekvat olacaq. Müsahibəsində bu məsələyə toxunan dövlət başçısı bildirib ki, Azərbaycana və onun milli maraqlarına münasibət necə olacaq, bizim münasibət də elə belə də qalacaq. Əgər normal, konstruktiv olacaqsa, zənnimcə, biz səmərəli məcraya qayıda bilərik: “Ötən il Avropa İttifaqının əldə etdiyi nəticə ondan ibarət oldu ki, o, Azərbaycan-Ermənistan trekinin normallaşması prosesindən tamamilə kənarlaşdırıldı. Əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh fondunun bundan sonra da davamı olacaqsa, bizim tərəfimizdən adekvat hərəkətlər ediləcək”.

Gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək...

Aİ-nin yeni tərkibi köhnə “ideoloji asılılıqdan” fərqlənmir - orada təmsil olunan insanların əksəriyyəti yenə də Azərbaycanafob əhval-ruhiyyədədirlər. Azərbaycan hər zaman bildirib ki, bizim Aİ üzvü olmaq kimi hədəfimiz yoxdur - bizim ailəmiz Türk dünyasıdır. Bununla belə, müasir dünyanın çağırışları və standartları daxilində əməkdaşlıq mümkündür. Azərbaycan artıq Avropanın bir neçə ölkəsinin enerji təminatında fəal iştirakçıya çevrilib - Aİ üzvü olan dövlətlərə ixrac olunan qazın həcmi isə bir neçə dəfə artıb. Aİ ilə qarşılıqlı ticarət balansı da normaldır. Belə olan halda, Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq sırf işgüzar müstəvidə tənzimlənməlidir. Aİ ölkəmizin daxili işlərinə qarışmadan, özünü regionda “hakim” statusunda görmədən ikitərəfli münasibətləri inkişaf etdirə bilər. Prezident İlham Əliyev də bildirib ki, biz normal münasibətlər təklif edirik: gəlin, normal, ikitərəfli əməkdaşlıq edək. “Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək. Təəssüf ki, bunların bütün fəaliyyəti bizim Avropa İttifaqı ilə proqramların hamısını dayandırmağımıza gətirib çıxardı. Bütün tvininq proqramları dayandırılıb, Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub”, - deyə dövlət başçısı bildirib.

Aİ anlayır ki...

Yeri gəlmişkən, Aİ-nin növbəti mərhələdə Azərbaycanla münasibətləri yeni ştrixlər üzərində qurmağa çalışması cəhdlərinin şahidi oluruq. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın yanvarın 9-da Prezident İlham Əliyevə zəng etməsi və telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması bunu deməyə əsas verir. Eyni zamanda, dövlət başçısının yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edən zaman qurum rəsmisinin bildirdiyi fikirlər göstərir ki, Aİ Azərbaycana münasibətdə özünün davranışını dəyişmək üçün səy göstərir. Belə ki, ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayan Qrono Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib.

Beləliklə, Azərbaycanın yeni mərhələdə yeni siyasi-iqtisadi aktor kimi populyarlığı artıq Ai üçün də aydındır. Bu mənada Aİ özünün iqtisadi maraqlarını ikitərəfli münasibətlərdə hər hansı bir üstünlük vəd etməyən Ermənistan üçün qurban verməməlidir. Tam əksinə, bölgədə yaranacaq sabitlik, sülh Aİ-nin də maraqlarına uyğun gəlir.  Azərbaycanın formalaşdırdığı yeni siyasi reallıqlar Avropanın Şərqlə əməkdaşlığına dinamizm qazandıra bilər, şaxələndirər...

P.İSMAYILOV

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr