Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın mərkəz müdafiəçisi Zahid Mərdanov əyalət klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Zahid Mərdanov 2023-cü ilin yanvarından Şamaxı komandasının formasını geyinirdi. O, cari mövsümdə cəmi 3 oyunda meydana çıxıb. Klubun Mərdanovu yola salmasının əsas səbəbi də məhz baş məşqçi Ayxan Abbasovun planlarına daxil olmamasıdır.
Zahid Mərdanov “Sabah”ın yetirməsidir. 24 yaşlı futbolçu “Kəpəz” və “Zirə”nin də formasını geyinib. Müdafiəçi Azərbaycanın U-19 yığmasında oynasa da, sonradan milli komandalara cəlb olunmayıb.
“Şamaxı” Zahid Mərdanovdan öncə Ramin Əhmədov və Qurban Səfərovu da yola salmışdı. Əvəzində əyalət klubu Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”) və Andrey Tırkovyanunu (“Pasifik”, Kanada) heyətinə qatıb. Edqar Adilxanovla isə yeni müqavilə imzalanıb.