AZ

Qorxmayaq, amma qorunaq - Bu xəstəliyi törədən viruslar...

Yenə qış fəsli, yenə virus, yenə biz... Pandemiyadan sonra demək olar ki, hər payız-qış fəslində virusla daha ciddi mübarizə aparır, cəmiyyətdə kütləvi şəkildə yayılan xəstəliyin mənbəyini araşdırmağa çalışırıq. Yüksək hərarət, öskürək, şiddətli baş ağrısı, ürəkbulanma, baş gicəllənməsi, ishal, halsızlıq... Müşahidə olunan bu simptomlar cəmiyyəti təşvişə salıb. Çünki Çində yayılan yeni virus metapnevmovirusun (HMPV) əlamətlərinə çox bənzəyir və insanlar yenidən COVID19 günlərinə geri qayıtmağın narahatlığını yaşayırlar. Üstəlik, dünya mətbuatında bu virusun COVID19-dan daha təhlükəli və daha çox yayılma potensialı olduğu da vurğulanır.
Hazırda ölkədə yayılan virusun mənşəyi, simptomları, mübarizə yolları ilə bağlı mütəxəssislərlə söhbətləşdik.

Az da olsa, yeni koronavirus infeksiyasına yoluxma halları var

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, hazırda az da olsa, yeni koronavirus infeksiyasına yoluxma hallarına rast gəlinir: “Hazırda mövsümlə əlaqədar fəsli qrip (A qripi, inflyuenza), müxtəlif növ kəskin respirator virus infeksiyaları və az da olsa yeni koronavirus infeksiyasına yoluxma hallarına rast gəlirik. Bu tip virusların klinik mənzərəsi çox oxşardır. Çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir. Yəni, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və sair) yanaşı, kataral əlamətlərə də (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması) rast gəlinir”.

HMPV yeni deyil

Mütəxəssis bildirir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir və bu infeksiya yeni deyil: “İndiyədək payız-qış aylarında müxtəlif səviyyəli xəstələnmə halları törədib, əsasən sağlam insanlarda fəsadsız keçir və qısa müddət ərzində sağalır. Yalnız risk qrupuna daxil olan insanlarda - kiçik yaşlı uşaqlar, immundefisitli, ağır xroniki, birinci növbədə tənəffüs yollarının bronxial astma, xroniki obstruktiv bronxit kimi xəstəlikləri olan, 65 yaş üzəri şəxslərdə xəstəlik bəzən ağır keçə bilər. Bu halda virus aşağı tənəffüs yollarını zədələyərək bronxiolit və pnevmoniya ilə fəsadlaşa bilər ki, bu da əlverişsiz nəticələrə gətirib çıxarır”.

Mövsümi qripə qarşı peyvənd olunun

İnfeksionist vurğulayır ki, qriplə müqayisədə HMPV infeksiyası daha yüngül keçir: “Hazırda Azərbaycanda HMPV infeksiyası qeydə alınmayıb. Kəskin respirator virus infeksiyalarından qorunmaq yolları universaldır. Spesifik tədbir vaksinasiyadır ki, ölkəmizdə qripə qarşı effektiv vaksinlərlə birinci növbədə risk qrupları peyvənd olunurlar. Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır”.

Seçilən
17
4
publika.az

5Mənbələr