İtaliyanın “Roma” klubunun mərkəz yarımmüdafiəçisi Entso Le Fe bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi fransalı futbolçunu cari mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub. Bir sözlə, cari mövsümün sonunda Le Fenin “Roma”nı birdəfəlik tərk edərək “Sanderlend”ə keçməsi də mümkündür.
Xatırladaq ki, “canavarlar” Entsonu 2024-cü ilin iyul ayında Fransanın “Renn” klubundan 23 milyon avro qarşılığında heyətə cəlb ediblər. Fransalı yarımmüdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Amma o, İtaliya klubunun heyətində möhkəmlənə bilməyib. Belə ki, yarımmüdafiəçi “canavarlar”ın formasında cəmi 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Entso Le Fe Fransanın “Loryan” klubunun yetirməsidir. O, ölkəsində “Renn”in də uğurları üçün çalışıb. Entso “Renn”in heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi edib. Onun “Loryan” karyerası isə 142 oyun, 8 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Le Fe Fransanın U-20, U-21, U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.