İtaliya çempionatının 20-ci turu Turin derbisi ilə əlamətdar oldu. ''Yuventus'' səfərdə ''Torino'' ilə qarşılaşdı.
''Football-plus.az'' xəbər verir ki, bu mövsüm sanki heç-heçə xəstəliyinə tutulan ''Yuve'' yenə 1 xalla kifayətlənməli oldu. Halbuki oyun Tyaqo Mottanın komandası üçün uğurlu başladı.
Kənan Yıldız artıq 8-ci dəqiqədə cərimə meydançası xaricindən sol ayağı ilə topu yerlə yaxın küncə göndərdi. Amma meydan sahibləri fasilə ərəfəsində Nikola Vlaşiç ilə bərabərlik qolunu vurdular. İkinci hissə ''qoca sinyora''nın böyük üstünlüyü ilə keçsə də, hesab dəyişmədi. ''Yuventus'' mövsümdə 12-ci dəfə heç-heçə oynayaraq yenə mühüm xallar itirdi.
Komanda məğlubiyyətsiz irəliləməsinə baxmayaraq liderdən 11 xal geridədi. Kənan Yıldızın isə ulduzu parlamaqda davam edir. Derbini əvəzlənmədən keçirən gənc türkiyəli vinger bu mövsüm 27 rəsmi oyunda aktivinə 6 qol, 5 məhsuldar ötürmə yazaraq artıq 11 qolun vurulmasında yaxından iştirak edib. Yeri gəlmişkən, Kənan ilk dövrədə ''Yuve''nin öz meydanında 2:0 hesabı ilə qalib gəldiyi derbidə də fərqlənməyi bacarmışdı. Bu da o deməkdi ki, Kənan Kriştiano Ronaldodan bu yana mövsümün hər iki Turin derbisində qol vuran ilk ''Yuventus''lu futbolçu oldu. Ronaldo bunu İtaliyadakı ilk mövsümündə, yəni 2018/19-da bacarmışdı.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta