AZ

Kərəm Aktürkoğlu Portuqaliyada ilk titulunu qazandı

Dünən Portuqaliyada liqa kubokunun final oyunu keçirildi.

Leyriya şəhərindəki ''Eştadio Maqalyaeş Pessoa'' stadionunda Lissabonun iki nəhəngi - ''Sportinq'' ilə ''Benfika'' üz-üzə gəldi.

''Football-plus.az'' xəbər verir ki, mövsümün əvvəlində ''Qalatasaray''dan ''Benfika''ya transfer olunan Kərəm Aktürkoğlunun Portuqaliya karyerası nağıllardakı kimi başlasa da, türkiyəli futbolçu son dönəmlərdə belə desək, göydən yerə enib. Kərəmin məhsuldarlığı və faydalılığı bir qədər azalıb.

Portuqaliya mətbuatının bu oyunla bağlı iddiası doğru çıxıb. Belə ki, Türkiyə yığmasının üzvü ehtiyatda qalıb. Sol cinahda gənc norveçli Andreas Şleyderup son vaxtlar Kərəmi əsas heyətdən sıxışdırmaga başlayıb. Elə bu oyunda da 20 yaşlı futbolçu baş məşqçinin etimadını doğruldaraq komandasını hesabda önə keçirib. ''Sportinq''in əsas qol silahı Viktor Dyokereş fasilə ərəfəsində penaltidən fərqlənməklə bərabərlik qolunu vurub.

Kərəm fasilədə oyuna məhz Şleyderupun yerinə daxil olub. Amma ikinci hissədə qol olmayınca tərəflər birbaşa penaltilər seriyasına keçiblər. Bu ''futbol lotoreyası''nda isə sevinən 7:6 hesabı ilə ''Benfika'' olub. Kərəm penaltər seriyasında səhvə yol verməyərək zərbəni dəqiq yerinə yetirib. ''Benfika''da start heyətində meydana çıxan digər türkiyəli futbolçu Orkun Kökçü isə 83-cü dəqiqədə əvəzlənib.

Beləliklə, ''Benfika'' 2007-ci ildən keçirilən liqa kubokunun 8-ci dəfə qalibi olub. Kərəm isə Portuqaliyada ilk titulunu qazanıb. 26 yaşlı futbolçu bu mövsüm 23 rəsmi oyunda aktivinə 10 qol, 6 məhsuldar ötürmə yazıb.

ƏLİ

Seçilən
11
football-plus.az

1Mənbələr