"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Cəlal Əmənov QHT.az-ın suallarını cavablandıraraq, insan alverinə qarşı mübarizə sahəsində mövcud qanunvericiliyin tətbiqi, ictimai maarifləndirmə və qurbanlara dəstək mexanizmləri ilə bağlı vacib məqamlara toxundu.
QHT.az: Sizcə, insan alverinə qarşı mövcud qanunvericilik yetərlidirmi, yoxsa əlavə tədbirlərə ehtiyac var?
Cəlal Əmənov: Azərbaycan Respublikasının insan alverinə qarşı kifayət qədər yetərli qanunvericiliyi mövcuddur. Xüsusilə, “İnsan alverinə qarşı mübarizə haqqında” qanun bu sahədə əhəmiyyətli çərçivə yaradır. Lakin, bu qanunların daha geniş tanıdılması üçün insanların məlumatlandırılmasına ehtiyac var. Təbliğat xarakterli televiziya verilişlərinin artırılması və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətti” (152 və ya 562-21-12) haqqında tez-tez məlumat verilməsi faydalı olar.
QHT.az: İnsan alverinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
Cəlal Əmənov: Hüquq-mühafizə orqanları öz öhdələrinə düşən işləri qanun çərçivəsində icra edirlər. Bununla yanaşı, işlərin daha effektiv olması üçün vətəndaş cəmiyyəti və icmalardakı fəal insanlar hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etməlidirlər. Fəal insanlar, adətən, belə hallarla üzləşən şəxslərdən daha tez xəbər tutur və məlumatları ötürməkdə mühüm rol oynaya bilərlər.
QHT.az: İnsan alveri qurbanlarının hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır?
Cəlal Əmənov: İnsan alveri qurbanlarının hüquqları “İnsan alverinə qarşı mübarizə haqqında” qanunla qorunur. Dövlət orqanları, sığınacaqlar və yardım mərkəzləri bu insanlara dəstək göstərir. Məncə, sığınacaqlara daha çox maddi dəstək ayrılmalıdır. Belə insanların ehtiyaclarını tam təmin etmək üçün maliyyə çatışmazlıqlarının aradan qaldırılması vacibdir.
QHT.az: Son olaraq, bu sahədə daha təsirli tədbirlər üçün başqa təklifləriniz varmı?
Cəlal Əmənov: Məlumatlandırma tədbirlərini genişləndirmək və hüquq-mühafizə orqanları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığını gücləndirmək prioritet olmalıdır. Həmçinin, qurbanlara hüquqi yardımların sadələşdirilməsi və dövlət tərəfindən əlavə dəstək mexanizmlərinin tətbiqi bu sahədə müsbət dəyişikliklərə səbəb ola bilər.