AZ

"Maarifləndirmə insan alverinə qarşı mübarizədə əsas açardır" - İradə Polad

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin icraçı direktoru İradə Nəsirova Polad QHT.az-a verdiyi xüsusi açıqlamasında vurğulayıb ki, yanvar ayı ölkəmizdə İnsan Alverinin Qarşısının Alınması Aylığı elan edilib.

İradə Nəsirova, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yanında yaradılmış koalisiyanın fəal üzvü olaraq, qeyri-hökumət təşkilatlarının (QHT) cəmiyyətə verdiyi töhfələrin əhəmiyyətini qeyd edib:

“Cəmiyyətdə hər hansı problemin həllində maarifləndirmə işlərinin gücləndirilməsi əsas şərtdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət qurumları və QHT-lər tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində artıq insanlar bu sahədə daha çox məlumata sahibdirlər. İnsan alverinin qurbanı olan şəxslərin böyük əksəriyyəti məlumatsızlıq səbəbindən qanunsuz fəaliyyətlərə cəlb edilir və həyat şəraitlərində ciddi dəyişikliklərlə üzləşirlər. Maarifləndirmə bu problemin həllində əsas açardır.”

İ. Nəsirova əlavə edib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin gördüyü işlərin nəticələri təqdirəlayiqdir və bu istiqamətdə daha geniş miqyasda fəaliyyətlər davam etdirilməlidir. O bildirib: “Qeyri-hökumət təşkilatları olaraq bu sahədə öz resurslarımızdan maksimum istifadə edərək həm müstəqil fəaliyyətlər həyata keçirəcək, həm də koalisiyanın tədbirlərinə yaxından dəstək göstərəcəyik.”

İradə Nəsirova regionlarda insan alverinə qarşı mübarizə istiqamətində daha geniş maarifləndirmə işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, maarifləndirmə yalnız paytaxtla məhdudlaşmamalı, rayon və kəndlərdə də geniş miqyasda aparılmalıdır. Cəmiyyətin bütün təbəqələrinin bu məsələdə məlumatlı olması insan alverinə qarşı mübarizənin effektivliyini artıracaq.

Qeyd edək ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası çərçivəsində həm maarifləndirmə tədbirlərinin, həm də sosial dəstək proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Seçilən
25
qht.az

1Mənbələr