AZ

İranın Azərbaycana qarşı ideoloji hücum aləti: Molla Həsənlə bağlı YENİ FAKTLAR

Ölkəmiz müstəqillik qazandıqdan bu günə kimi, İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı müxtəlif vasitələr və alətlərlə hücumlar etmişdir. İranın bu hücumlarının qarşısı hər zaman qətiyyətlə alınmış və cavab tədbirləri layiq olduğu şəkildə verilmişdir.

Teokratik İran rejiminin təsir etmək istədiyi sahələrdən biri və birincisi isə din sahəsi olmuşdur ki, burada fəəliyyət həm ölkədaxilindən, həm də İranın öz içindəki səlahiyyətli şəxsləri tərəfindən aparılmışdır.

Azərbaycan daxilində heç bir resursunun qalmadığı bir zamanda, İran tərəfi əsas çıxış yolunu daxilindəki təsir agentlərindən istifadədə görür.

İran rejiminin düşüncəsinə görə bu cür təsir alətlərindən biri - etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbil vilayətində fəaliyyət göstərən və insanlara Azərbaycan dilində xitab edən molla Həsən Amilidir. İrandakı 30 milyon azərbaycanlının Amilinin cəfəng fikirləri barədə nə düşündüyünü söyləmək bizim üçün çətin olsa da, Azərbaycan Respublikasında ona qulaq asanın olmadığını, olanların isə Amilini məsxərəyə qoyduğunu əminliklə deyə bilərik.

Araşdırmalarımız zamanı dəqiqləşdirdik ki, İranın ali dini rəhbəri Seyid Əli Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Həsən Amili əslən Livandandır. (mənbə) Bioqrafiyasına əsasən ata-babaları Səfəvilər dövründə Livanın Sadat Cəbəl Amil bölgəsindən Ərdəbilə köçmüşlər. İslam dininin prinsiplərinə, xüsusilə şiə məzhəbinin etiqadına görə, “seyid” titulu daşıyan şəxslər əslən İmam Hüseyn nəslindən hesab edilirlər. Buna görə də müxtəlif coğrafiyalarda yerli xalqlarla qaynayıb qarışsalar da, həmin şəxslər ərəb əsilli olduqları birmənalıdır. Azərbaycan mediasında onun erməni əsilli olması haqda məlumatlar yayılsa da bu fakt təsdiqini tapmayıb, onun erməni əsilli olması və ya hansısa çıxışında bunu etiraf etməsinə dair məlumatlara rast gəlinmir.

Seyid Həsən Amili 31 oktyabr 2002-ci ildə İranın ali dini rəhbəri Seyid Əli Xamenei tərəfindən Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi vəzifəsinə təyin edilmişdir. O, həm də 20 fevral 2007-ci il tarixdə ilk dəfə olaraq 4-cü çağırış Ali Rəhbərin Ekspertlər Məclisinə üzv seçilmişdir. Növbəti dəfə 5-ci çağırış, sonra isə 11 mart 2024-cü il tarixdə keçirilmiş seçkilər nəticəsində cari, 6-cı çağırış üzrə də məclisə üzv seçilmişdir.

Ekspertlər Məclisi İranın teokratik rejimində əsas qurumlardan biri hesab edilir. Onun əsas vəzifəsi ölkənin ali rəhbərini seçmək və fəaliyyətinə “nəzarət” etməkdir. Lakin faktiki olaraq Ekspertlər Məclisində təmsil olunan ruhanilərin hər biri Ə.Xameneinin vilayətlər üzrə təyin etdiyi nümayəndələrdir. Buna görə də məclisin ali dini rəhbərin fəaliyyətinə nəzarət funksiyasına elə də ciddi yanaşılmır.

Son dövrlərin müşahidələri göstərir ki, Həsən Amili İran hakimiyyətinin Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərən əsas simalarından biridir. O etdiyi çıxışlarında mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışaraq ölkəmizin konstitusiya quruluşu ilə bağlı yersiz bəyanatlar verir.

Ə.Xameneinin “Qarabağ islam torpağıdır” fikrindən çıxış edərək Azərbaycan xalqı arasında rəğbət qazanmağa çalışmış, Azərbaycan vətəndaşlarını İranın teokratik rejiminə cəlb etmək istiqamətində fəaliyyətlər göstərmişdir. O, həmin dövr ərzində etdiyi çıxışlarda Qarabağın Azərbaycana məxsus olmasını vurğulayır, lakin işğalın “yalnız İrana bağlı dindarlar tərəfindən azad edilə biləcəyi fikirini” təlqin edirdi. Eynilə mütəmadi olaraq “Azərbaycanın tarixən İran ərazisi olması” barədə çıxışlar etmiş və cəlb etdikləri Azərbaycan vətəndaşları arasında həm də irançılıq təmayüllərinin gücləndirilməsinə çalışmışdır.

H.Amili Nardaran hadisələri ilə bağlı hər il keçirilən “Nardaran şəhidləri” adlı anti-Azərbaycan mərasimlərin təşkilatçısı olmuşdur.

Eləcə də, qondarma “müsəlman azərilər günü” təsis etmiş və hər il yanvarın 19-da bu gün münasibətilə Ərdəbildə anti-Azərbaycan tədbirləri təşkil etmişdir. Həm həmin mərasimlər, həm də Amilinin tədbirlərdə çıxışı İranın rəsmi informasiya resursları tərəfindən geniş şəkildə tirajlanmışdır.

Seçilən
6
2
publika.az

3Mənbələr