“Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo Ağdam klubunun düşərgəsini tərk edərək vətəni Braziliyaya yollanıb.
Arena.az xəbər verir ki, bu barədə “CNN Brasil” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçunun “Flamenqo”ya transferi demək olar ki, tam razılaşdırılıb. Olavio da məhz müqaviləyə imza atmaq üçün ölkəsinə gedib. 28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir. Amma forvard komandanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq. Belə ki, futbolçu hazırlıq dövründə elə Rio-de-Janeyro şəhərində məşq edəcək.
İddiaya görə, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq.
Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçmişdi. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. O, Azərbaycan çempionunun heyətində 80 oyuna çıxıb, 41 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu “Qarabağ”la Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Juninyo daha öncə “Sevilya” ilə demək olar, bütün məsələlərdə razılığa gəlmişdi. La Liqa təmsilçisi 28 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif etmişdi. “Qarabağ” hücumçunun satışından təxminən 4 milyon avro qazanacaqdı. Bundan əlavə, Ağdam klubu hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaqdı. Lakin məhz “Flamenqo”nun daha sərfəli şərtlər irəli sürməsi Olavionun fikrini dəyişdirmişdi.