“Rusiya hərbi maşını məğlubedilməz deyil”
Rusiyalılar üç il öncə Ukraynaya hücum edəndə bunu “yüngül gəzinti” hesab edirdilər. Onlar düşünrdülər ki, tezliklə paytaxt Kiyevi ələ keçirəcəklər, ukraynalı hərbçilər isə müqavimətin əbəs olduğunu anlayıb könüllü surətdə silahı yerə qoyacaqlar. Hətta Vladimir Putin müharibənin ilk günündə Ukrayna ordusuna təslim olmaları barədə müraciət də ünvanlamışdı. Zaman təriflərə sığmayan Rusiya ordusunun səriştəsizliyini bütün çılpaqlığı ilə ortaya qoydu.
Bu gün Rusiya Ukrayna ilə müqayəsədə daha güclü resursa malik olması sayəsində savaşa bilir. Kreml üçün isə insan itkisi əhəmiyyət kəsb etmir. Rusiya ordusu təkcə 2024-cü ildə cüzi miqdarda ərazi işğal etmək üçün 400 mindən artıq itki verib. Hadisələrin gedişinə diqqət edəndə, sual yaranır ki, görəsən, bu minvalla Kiyevə çatması üçün Rusiya ordusuna nə qədər vaxt lazımdır və o, bu yolda neçə əsgər qurban verəcək.
Ancaq qəribə odur ki, bir çox Qərb analitiki hələ də Rusiya ordusunun qüdrətindən dəm vururlar.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Rusiyanın Ukraynadakı ərazi zəbtinin hesablanması” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni təqdim edirik: ”Kiyev sakinləri təlaş içindədir! Vladimir Putinin qarşısıalınmaz ordusunun Ukraynanı işğal etmə sürəti elədir ki, 92 ildən sonra onlar paytaxt Kiyevi zəbt edəcəklər. Bu hadisə rus diktatorunun 165 illik yubleyində baş tutacaq və təntənəli surətdə qeyd ediləcək!
Hərçənd ki, yuxarıdakı abzasda yazılanlar kiməsə axmaqcasına görünə bilər. Ancaq bu cümlələr Kreml və onun Qərbdəki dostlarının müharibə ilə bağlı yanaşmalarının absurdluğunu ortaya qoymaq üçün istifadə edilib. Qərbdəki həmin şəxslərin nöqteyi nəzərinə əsasən qüdrətli Rusiya ordusu Ukraynanın geniş ərazilərini zəbt edir, ukraynalılar isə say və silah cəhətdən onlardan geri qalsalar da, çarəsizcəsinə və hətta qəhrəmancasına müqavimət göstərirlər. Amma ortada hər hansı uğur yoxdur və ruslar Ukraynanı tam zəbt etməyənə kimi hücumu dayandırmayacaqlar. Ona görə də Ukrayna və onun müttəfiqləri bu gün istənilən sülh sasişinə razılaşmalıdırlar, əks təqdirdə gələcəkdə vəziyyət yalnız pisləşə bilər.