"Gələcəyə Baxış Avropaya İnteqrasiya" İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a bildirib ki, insan alveri qurbanlarının cəmiyyətə yenidən inteqrasiyası üçün psixoloji dəstəyin göstərilməsi əsas prioritetlərdən biridir. O, qeyd edib ki, psixoloji dəstək, qurbanların travmalarını aşmalarına və psixoloji sağlamlıqlarını bərpa etmələrinə kömək edir.
Bəsti Nəsibovanın sözlərinə görə, sosial reabilitasiya xidmətlərinin təmin olunması qurbanların normal həyata qayıtmasını asanlaşdırır və yeni başlanğıclar üçün imkanlar yaradır. Həmçinin, qurbanların peşə təhsili almaları və işlə təmin olunmaları üçün xüsusi proqramların həyata keçirilməsi onların müstəqil həyat qurmasına dəstək olur: "Bu cür proqramlar qurbanlara iqtisadi müstəqillik qazandırır və başqalarından asılılıq hallarının qarşısını alır."
Cəmiyyətdə insan alverinə qarşı həssaslığı artırmaq məqsədilə maarifləndirmə tədbirlərinin geniş şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayan Bəsti Nəsibova, bu tədbirlərin insan alverinin qarşısının alınmasında mühüm rol oynayacağını bildirib.
"Qurbanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün ictimaiyyət arasında empatiya və düzgün yanaşma formalaşdırılmalıdır. Onları qınamadan qəbul edən bir mühit, qurbanların cəmiyyətə daha sürətli və uğurlu inteqrasiyasını təmin edəcəkdir," - deyə Bəsti Nəsibova əlavə edib.
Pərvanə Fərhadqızı
QHT.az