Ermənistanın baş nazirinin müavini bildirilib ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək...
Azər Qasımov: “Azərbaycan Ermənistanla ümumən münaqişə prosesində 35 illik təcrübəyə malikdir. Azərbaycan da yaxşı bilir ki, bu günə kimi bu ölkə ilə əldə etdiyinin hamısına güc və təzyiq yolu ilə nail olub”.
“Geosiyasi maraqlar hələ də prosesin gedişində öz təsirini göstərir”.
Bu sözləri politoloq Azər Qasımov Azərbaycan və Ermənistan arasındakı son prosesləri Poliqon-a şərh edərkən qeyd edib.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil. Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.
Azərbaycan və Ermənistana arasındakı son prosesləri necə dəyərləndirmək olar? Azərbaycan prezidentinin son xəbərdarlıqları sülh prosesini daha sürətləndirəcək?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.
Azər Qasımov: “Bundan sonra da hansısa nəticə alınacaqsa, bu, ancaq təzyiq yolu ilə mümkün olacaq”.
Zəngəzur dəhlizi məsələsinin ciddi şəkildə prosesin mahiyyətini təşkil etdiyini vurğulayan politoloq Polqion-a bildirib ki, Ermənistan nə qədər müqavimət göstərməyə çalışsa da, dünyada cərəyan edən proseslər fonunda əks müqavimət göstərmək imkanına malik deyil:
“2020-ci il 9 Noyabda imzalanan müqavilədən sonra bir çox proseslər baş verib. Azərbaycan və Ermənistan arasında bu müddətdə davam edən prosesləri ümumən konstruktiv hesab etmək olar. Çünki hər iki tərəf sülhdən danışır, ən azı bu istiqamətdə addımlar atmaqda maraqlı olduqlarını qeyd edirlər.
Təbii ki, proses müddətində tərəflərin öz maraqlarından çıxış edərək atdıqları addımlar da vardır ki, bu da tərəflərin sülh niyyətlərində səmimi olmadığı görüntüsü yaradır. Ermənistanın silahlanma, sərhəddə ATƏT-in missiyasını gətirməsi və s. kimi addımların buna misal demək olar. Azərbaycan tərəfi bu prosesin aparıcı və diktə edən tərəfi kimi öz istəklərində israrlıdır. Məlum konstitusiya dəyişikliyi, ATƏT-in Minsk qrupunun ləğvi və əsas olaraq Qərbi Zəngəzurdan qovulmuş azərbaycanlıların öz tarixi ərazilərinə qayıtması məsələsi də Azərbaycanın istəkləridir.
Azər Qasımov: “Azərbaycan sülhpərvər sifətinin yanında həmişə təzyiq və güc sifətini də paralel saxlayır”.
Azərbaycan Ermənistanla ümumən münaqişə prosesində 35 illik təcrübəyə malikdir. Azərbaycan da yaxşı bilir ki, bu günə kimi bu ölkə ilə əldə etdiyinin hamısına güc və təzyiq yolu ilə nail olub. Bu baxımdan da indi də bu təcrübədən çıxış edərək Azərbaycan sülhpərvər sifətinin yanında həmişə təzyiq və güc sifətini də paralel saxlayır. Çünki Ermənistan ancaq bu üsulla yolla gəlir. Hesab edirəm ki, bundan sonra da hansısa nəticə alıbacaqsa, bu, ancaq təzyiq yolu ilə olacaq. Geniş şəkildə prosesin hələlik sona çatmadığı qənaətindəyəm.
Geosiyasi maraqlar hələ də prosesin gedişində öz təsirini göstərir. Zəngəzur dəhlizi məsələsi ciddi şəkildə prosesin mahiyyətini təşkil edir. Ermənistan nə qədər müqavimət göstərməyə çalışsa da, dünyada cərəyan edən proseslər fonunda əks müqavimət göstərmək imkanına malik deyil. Hesab edirəm ki, prosesin aparıcı ölkəsi Azərbaycanın tələbləri qarşısında tezliklə ağ bayrağını bir daha qaldıracaq”.
Nərminə UMUDLU
Poliqon.info