Bu mühüm addım təkcə Türkiyənin dəniz qüvvələrinin gücünü artırmaq məqsədini daşımır. Eyni zamanda, regionda strateji mövqeyini daha da möhkəmləndirmək, milli müdafiə sənayesinin texnoloji inkişafını sürətləndirmək və yerli istehsal potensialını dünyaya nümayiş etdirmək məqsədini güdür.
Bəs, bu nəhəng layihənin əsas hədəfi nədir? Türkiyə niyə belə genişmiqyaslı bir layihəyə start verib?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Ajans.az-a danışıb və Türkiyənin bu addımını onun geosiyasi maraqları ilə əlaqələndirib. Rzayevin sözlərinə görə, Türkiyənin bu təşəbbüsü onun Yaxın Şərq, Qara dəniz hövzəsi və Aralıq dənizi ərazilərində artan təsirini göstərir:
"Aydın məsələdir ki, Türkiyə istər Yaxın Şərqdə, istərsə də Aralıq və Qara dənizdə güclü bir dövlətdir. Hazırda onların regional gücdən supergücə çevrilmə iddiası var. Bu baxımdan, quru qüvvələri qədər güclü bir donanmaya sahib olmaq vacibdir."
Rzayev bildirib ki, Türkiyə "Mavi Vatan" planı çərçivəsində dəniz sərhədlərini gücləndirmək üçün hərbi dəniz qüvvələrini modernləşdirir. O qeyd edib ki, Osmanlı İmperiyasının son dövrlərdə dəniz gücünün zəifləməsi, eləcə də Birinci Dünya Müharibəsində qalib dövlətlərin güclü donanmaya malik olması Türkiyəni bu sahədə ciddi addımlar atmağa vadar edir:
"Türkiyənin milliləşmə planları çərçivəsində milli təyyarə, PUA, tank, sualtı qayıq istehsal edilir. Bu layihələrdən biri də güclü hərbi donanma hazırlamaqdır. 31 müharibə gəmisinin inşası bu istiqamətdə mühüm bir addımdır."
Lakin politoloq bu layihənin Türkiyə iqtisadiyyatına ciddi təsirlər göstərə biləcəyini də vurğulayıb:
"Bu tipdə böyük bir hazırlıq ciddi resurs və maliyyə tələb edir. Bunun Türkiyə iqtisadiyyatına zərər vurma ehtimalı var. Ancaq Türkiyənin Qətər kimi müttəfiq dövlətlərlə əməkdaşlığı bu çətinliklərin öhdəsindən gəlməkdə yardımçı ola bilər."
Rzayevin fikrincə, Türkiyənin bu sahədə ixtisaslaşması Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə arasındakı strateji əlaqələr hərbi texnologiya sahəsində də sıx əməkdaşlıq perspektivini gücləndirir. Bu təşəbbüs Türkiyənin qlobal səviyyədə hərbi qüdrətini artırmaq, dəniz sərhədlərində təhlükəsizliyi təmin etmək və regional liderlik ambisiyalarını daha da gücləndirmək niyyətini əks etdirir.