AZ

14 yanvar - Unudulmayan tarix...

43 il bundan əvvəl Heydər Əliyevin iştirakı ilə qədim Şuşada Molla Pənah Vaqifin əzəmətli məqbərəsinin təntənəli açılışı baş tutub

39 il sonra isə...

Uzaq 1982-ci il, yanvarın 14-ü. Həmin tarixdə hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan,  milli-tarixi rəmzlərimizdən biri sayılan Şuşada əlamətdar mədəniyyət hadisəsi yaşanıb - burada böyük siyasətçi Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin əzəmətli məqbərəsinin təntənəli açılışı baş tutub. Aradan 43 il ötür...

Heydər Əliyevin uzaqgörənliyi

Molla Pənah Vaqif keçdiyi həyat yolu və xidmətləri ilə hər cür ehtirama layiq olan tarixi şəxsiyyətdir və adı xalqımızın qəlbində həmişə yaşayacaq. O, Qarabağ xanının vəziri olaraq həm siyasi xadim idi, həm də gözəl şeirlər yazırdı. Dövrünün siyasi burulğanlarında həmişə bacardığı qədər xalqının mənafeyini qorumağa çalışan M.P.Vaqif özündən sonra böyük bir ədəbi irs qoyub. Ətrafda baş verənlər, saray çəkişmələri, üzləşdiyi haqsızlıqlar onun nikbin ruhuna qalib gələ bilməyib. Şeirlərində gözəlliyi vəsf edən şair “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Fəqət, həyatı faciə ilə tamamlayıb - oğlu Əliağa ilə birlikdə qətlə yetirilib. Şeirləri dillər əzbərinə çevrilən şairin məzarı da uzun illər ərzində baxımsız qalıb.

1967-ci ildə Şuşada səfərdə olan Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəyini bildirib. Bu tarixədək Şuşaya çoxlu sayda yüksəksəviyyəli şəxslərin səfərləri çox olmuşdu. Ancaq heç kəs nə Vaqifin adını anmış, nə də məzarı ilə maraqlanmışdı. Heydər Əliyevin Vaqifin məzarını ziyarət etmək istəyini bildirməsi Onun qəlbən xalqına bağlı olduğunu təsdiqləyən çoxsaylı nümunələrdən biridir. Şairin, necə deyərlər, gözdən-könüldən uzaq düşmüş məzarı tapılır və ziyarət baş tutur. Ancaq böyük şairin məzarının baxımsız qalması Heydər Əliyevi məyus edib və O, məyusluğunu çıxışlarının birində açıq şəkildə dilə gətirib. Sonradan Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı layiqli şəkildə götürülüb, üstündə abidə ucaldılıb və məqbərə inşa edilib. Məqbərənin inşasına 1977-ci ildə başlanıb. Tikintisini Heydər Əliyevin şəxsən izlədiyi  məqbərə Şuşa memarlıq ənənələrinə uyğun inşa edilib və əlbəttə ki, layihədə Vaqif poeziyasının ən xarakterik cəhətlərindən  olan ucalıq  əsas elementlərdən biri kimi götürülüb . Ə.V. Salamzadənin və E.İ. Kanukovun layihələrində ucalıq həm də Şuşanın başı səmaya çatan dağlarının əzəmətini simvolizə edir.

Keçmiş sovet hakimiyyəti illərində Şuşada Azərbaycan şairi Vaqifin məzarı üzərində  belə bir əzəmətli məqbərənin inşası və 1982-ci ildə  Heydər Əliyevin məqbərənin açılışına qatılması sıradan bir hadisə deyildi. Məlumdur ki, ermənilər digər ərazilərimiz kimi, Şuşanı da öz adlarına çıxarırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yoxdur. Şuşa tarixi Azərbaycan şəhəridir. Hamımız yaxşı bilirik, ki, şəhərin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Digər tərəfdən, sovet hakimiyyəti illərində tariximizin önəmli dövrünü təşkli edən xanlıqlara mənfi münasibət təbliğ olunurdu. M.P.Vaqifin Qarabağ xanlığında vəzir vəzifəsində çalışdığını nəzərə alsaq, Heydər Əliyevin kifayət qədər sərt ideoloji buxovlar şəraitində necə cəsarətli addım atdığı barədə konkret təsəvvür yaranar. Həmin dövrdə erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanla iqtisadi inteqrasiyasının olmadığını əsaslandırmağa çalışırdılar. Heydər Əliyev isə böyük üzaqgörənliklə Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə iqtisadi bağlılığının gücləndirlməsinə hesablanan layihələrin icrasını həyata keçirir, digər tərəfdən isə  orada yaşayan azərbaycanlılar arasında milli ruhun gücləndirilməsinə böyük səy göstərirdi. Şuşanı Azərbaycanın rəmzi kimi dəyərləndirən Heydər Əliyev burada mədəni mühitin canlandırılması üçün müxtəlif layihələrin, poeziya və musiqi bayramlarının keçirilməsinə nail olurdu. Bütün bu kimi məqsədyönlü fəaliyyətlərlə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanla iqtisadi, mədəni və milli bağlılığını gücləndirirdi.

39 il ötəndən sonra...

Təxminən otuz ili əhatə edən işğal dövrü digər ərazilərimiz kimi, Şuşanın da simasında kədərli izlər qoyub. Erməni vandalları bu illər ərzində şəhərin görkəminə ciddi ziyan vurub, burada xalqımıza məxsus izləri silməyə çalışıblar. Ancaq ermənilər Şuşanı dağıtsalar da, şəhər azərbaycanlı ruhunu qoruyub saxlayıb. Elə xalqımız da Şuşa xiffətini heç vaxt qəlbindən çıxartmadı, həmişə o yerlərə qayıtmaq arzusu ilə yaşadı. Bu isə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində mümkün oldu.

Böyük Qələbəmizdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il yanvarın 14-də Şuşaya səfər etdilər. Bu, dövlət başçımızın müharibədən sonra Şuşaya ilk səfəri idi və həmin tarix heç də təsadüfən seçilməmişdi. Yuxarıda bildirdiyimiz kimi, 39 il bundan əvvəl yanvarın 14-də Heydər Əliyev Şuşaya gələrək Vaqifin məqbərəsinin açılışını etmişdi. Bu mənada, İlham Əliyevin 39 ildən sonra Şuşaya qalib Lider kimi gəlməsi böyük rəmzi məna daşıyırdı. Dövlətimizin başçısı müharibədən sonra Şuşaya etdiyi ilk səfərində şəhərin, o cümlədən də Vaqifin məqbərəsinin bərpası ilə bağlı Öz göstərişlərini verdi. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə həyata keçirilib. Layihənin icrası zamanı tarixilik amili nəzərə alınıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı baş tutub.

Mübariz ABDULLAYEV

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr