AZ

EL SƏNİ SORUŞAR  “ZABUL-SEYGAH”DAN…

Musiqi səsi ecaskar gücə, qüdrətə malikdir. İnsanın hissini cilalayır,qəlbindəkini saf-çürük edir, yaşamaq-yaratmaq eşqini artırır. Bunun sirri, sehri, qüdrəti ondadır ki, o, mücərrədlikdən uzaqdır, sən onda başqalarının deyil, öz qəlbinin səsini eşidirsən. Bu da yanmaq, yaşamaqdır. Öz arzularına qovuşmaqdır.  Lüdviq Feyerbax demişdir : “Musiqi sənə xoş gəlir ona görə ki, sən onda öz qəlbinin səsini eşidirsən”.

Xüsusilə, İslam Rzayevi dinləyəndə… Bu ustad sənətkar sənətsevərlərin yaddaşında yaınız əvəzsiz xanəndə, mahir pedaqoq, bacarıqlı ansambl, ən ümdəsi isə gözəl insan kimi qalmışdır.

Muğam ifaçılığında təkcə zəngulələr, xırdalıqlar yox, mahnının və ya muğamın melodik varlığı, nəfəsi xanəndənin ustalığından, məharətindən asılı olur. Həmin keyfiyyətləri özündə birləşdirən sənətkarlardan biri də İslam Rzayev  olmuşdur. Klassik muğam ifaçılarına xas cəhətləri özündə cəmləşdirən və musiqi sənətimizi öz dəsti-xətti ilə zənginləşdirən bu sənətkarın ifasında  “Rast”, “Mahur-Hindi”, “Çahargah” muğamları, “Bəstə Nigar”, “Dəşti”, “Zəmin-xarə”, “Bayatı-Şiraz”, “Hicaz”, “Çahargah”,”Segah”, “Şur”təsnifləri, “Olan oldu”, “Mən dünyada olmayanda”, “Axtarma məni”, “Unuda bilmirəm”, “Sənə qurban”, “Ana”, “Qadan alım”, “Hanı bəs vəfan sənin” və digər mahnılar, eləcə də “Nəsimi”, “Aşıq Alı” kantatalarında xor kapellasının müşayiəti ilə oxuduğu mahnılar, “Sevil” operasında ifa etdiyi ariya, ayrı-ayrı filimlərdə səslənən mahnılar həmişəyaşar musiqi xəzinəmizə daxil olmuş əvəzsiz incidir.

Ümumiyyətlə, İslam Rzayevin ifasında səslənmiş 200-ə yaxın  muğam, təsnif, xalıq, bəstəkar mahnısı musiqi xəzinəmizin qızıl fondunda saxlanılır.

İslam Rzayev 1937-ci ildə Füzuli rayonunda anadan olmuşdur.

Erkən çağlarından məlahətli səsi və musiqiyə həvəsi özünü büruzə vermişdi.

Onun ilk ifasını Seyid Şuşinski dinləmiş, ustad xanəndənin təkidi ilə sənədlərini A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbinin xanəndəlik şöbəsinə vermişdir. Fikrət Əmirovun, Süleyman Ələsgərovun qarşısında ifası bəyənilərək, məktəbə qəbul olmuşdur.

Təhsilini başa vuran İslam Rzayev Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlir. O, Filarmoniyanın “Azərbaycan təranələri” ansamblının müşayiəti ilə ifası çətin, məlahətli səs, səriştə tələb edən mürəkkəb quruluşlu “Bayatı-Şiraz”, “Çahargah”, “Rast”, “Mahur-Hindi, “Bayatı-Kürd” muğamlarını ifa etmişdir. İslam Rzayev bu muğamları özündən əvvəl oxumuş xanənlələrdən fərqli olaraq özünəməxsus yeni bir manera və şirinliklə ifa etmişdir. Həmçinin o, məktəb illərində tələbə yoldaşları Adil Bəbirovun, Ramiz Mirişlinin bir neçə mahnısını oxumuşdur. İslam Rzayevin  1956-cı ildə filarmoniyada ilk  çıxışı ona hüsn-rəğbət qazandırmışdır.

Bəstəkar-dirijor Niyazi filarmoniyada İslam Rzayevin ifasını dinləmiş və demişdir : “…Muğamlardan “Bayatı-Şiraz”ı, “Çahargah”ı, “Rast”ı yerli-yataqlı oxudu, səsi məlahətlidir. Ümidverici gələcəyi var…”

Səid Rüstəmov isə İslam Rzayevin ifaçılığı ilə bağlı fikrini belə ifadə etmişdir: “Fikir verdim, onun repertuarında ləngərli muğamlar, ifası çətin olan lirik bəstəkar mahnıları özünə yer tapıb. Bu onu göstərir ki, müğənni gənc olmasına baxmayaraq özünə və yaradıcılığına böyük məsuliyyətlə yanaşır. Arayıb-axtarmağa, yeni ifa yolları, maneraları tapmağa çalışır. Müğənninin yaradıcılıq əzmi sözsüz ki, alqışa layiqdir”.

Musiqi aləminə əllinci illərin ortalarında gələn, axırlarında artıq xanəndə kimi tanınan İslam Rzayev Səid Rüstəmovun  “Bayatı-Şiraz” ovqatı üstə yazdığı “Getmə-getmə”, “Sürəyya” tipli lirik mahnılarına, Cahangir Cahangirovun bu kökdə bəstələdiyi mahnılara böyük üstünlük vermiş, Arif Məlikovun, Xəlil Cəfərovun, Hacı Xanməmmədovun, Ramiz Mirişlinin, Adil Bəbirovun lirik bəstələri ilə repertuarını zənginləşdirmişdir.

İslam Rzayevin ifasını sevən  mərhum xalq şairi Bəxtiyar Vahabzadə demişdir : “Bir xanəndə kimi İslam Rzayevin üstünlüyü orasındadır ki, o, duymadığını yox, duyduğunu oxuyur. Buna görə də oxuduğu guşələrin, vurduğu xalların dərinliyinə, incəliyinə, bir sözlə, mahiyyətinə baş vurmağı bacarır, yəni muğamatı muğam kimi oxuyur, onun bütün gözəlliyini, ən ümdəsi fəlsəfəsini dinləyiciyə çatdırır. Elə buna görə də dinləyicisini sehrləyib, qəlbini ələ ala bilir.

Mən İslamın üstünlüyünü bir də onda görürəm ki, o muğamın ana xəttinə sədaqəti ilə bərabər, özündən əvvəlki muğam ustalarını təkrar etmir, özü kimi oxuyur.

Bayaq dedim ki, İslam duyduğunu oxuyur. Biz bunu onun seçdiyi məna və mahiyyətini dərk edib, öz duyğusuna çevirməsində də görürük. Məhz buna görə də əvvəla, o, oxuduğu zaman şeirlərin vurğularını əruzun ahənginə uyğun düz vurur, pauzalarını düz tapır, ikinci tərəfdən sözləri  düz və aydın tələffüz edir. Bu isə xanəndəlikdə ikinci dərəcəli məsələ deyil, ən vacib məsələlərdən biridir. Bu xanəndənin intellektual səviyyəsini, ümumi mədəniyyətini göstərən amillərdəndir”.

İslam Rzayev sənət aləmində bir çoxu kimi özündən əvvəlki  görkəmli xanəndələrin təsiri altına düşüb onları təqlid etməmiş, ustadlardan əxz etdiklərinə yaradıcı surətdə yanaşmış, öz dəsti-xətti, öz yolu olan orijinal bir sənətkar kimi gəlmişdir. O, təkcə muğam ustası kimi yox, həm də lirik mahnılar, romanslar, simfoniya, xor, kantata üçün yazılmış mürəkkəb quruluşlu, xüsusi professional ifaçılıq qabiliyyəti tələb edən müğənni kimi formalaşmışdı.

İslam Rzayev geniş səs diapazonuna malik xanəndə idi. O, bu ecaskar sənətə təsadüfi yox, inkişaf edərək formalaşıb gəlib, öz zəhməti ilə öz yolu-izi olduğunu sübut etmiş sənətkar idi.

İslam Rzayev bir çox ölkələrdə qastrol səfərində olub. O, dünyanın 70-dən çox ölkəsində-Almaniya, Fransa, Polşa, Əlcəzair, Hindistan, İranda verdiyi konsertlərdə öz sənətinə sevgi və məhəbbətinin təzahürünü göstərmişdir.

Xalqını dünyalar qədər sevən sənətkar xarici ölkələrlə yanaşı, tez-tez respublikamızın regionlarına qastrol səfərlərinə çıxır, zəhmətkeşlər qarşısında konsertlər verirdi.

İslam Rzayev səhnəyə “Çahargah” muğamı ilə gəlmişdir. Bu muğamın ifası onun şah əsəridir. İslam Rzayev mahir bir rəssam kimi bu muğamı təqdim etmişdir.

Muğamlar müxtəlif quruluşa, ovqata malikdir. Hər xanəndə bu muğamları öz istedadı, səsi müqabilində ifa edir. İslam Rzayev mərdlik, mübarizlik, coşğunluq ovqatı ilə yüklənmiş “Rast”, “Çahargah” muğamlarının təkrarsız ifaçısı olmuşdur.

XIX əsrdə Malıbəyli Həmid, Şükür, Məşədi Cəmil, Çəmənli, Məşhədi Cəfər “Rast”ı özlərinə  məxsus  bir üslubda ifa etmişlər.

Elə xanəndə də olub ki, bu muğamı dəstgah şəklində oxuyub. Amma dəstgahdakı “Mayeyi-Rast”, “Hüseyni”, “Vilayəti, “Şikəsteyi-Fars”, “Əraq”, “”Pəncgah şöbələrini  dürüst oxumaq hər xanəndəyə nəsib olmayıb. İslam Rzayev “Rast” və “Çahargah” muğamlarını tamam-dəstgah ifa etmişdir. Muğamların hər ikisində, o, ifa tərzi ilə əvvəlki oxuyanlardan fərqlənmişdir. Xüsusən zəngulə və boğaz rəngarəngliyi ilk dinləyişdən hamıda maraq yaratmışdır.

Mərhum bəstəkarımız, xalq artisti, professor Süleyman Ələsgərovun dediklərindən “…Müğənni, xanəndə var ki, ancaq bəmdə və orta registrdə sərbəst oxuyur, zilə çıxan kimi çətinlik çəkir. Yaxud əksinə, bəmdə xaric oxuyur, bəzən də diksiya pozğunluğuna yol verir. Ancaq İslam Rzayev zildə də gözəl oxuyur, bəmdə də. O, hər hansı mahnı və təsnifin ifası zamanı səsinin imkanlarını olduqca cəlbedici xırdalıqlar, zəngulələr, qaynatmalar və fermatalar vasitəsilə bacarıqla nümayiş etdirir. Cəsrətlə deməliyəm ki,  İslam Rzayev muğam ifaçılığı sahəsində də böyük uğurlar qazanıb. “Rast”, “Çahargah”, “Zabul Segah”, “Bayatı-kürd”, “Mahur hindi” və s.muğamlar onun ifasında lentə yazılıb, radionun, televiziyanın qızıl fonduna daxil edilib.

Müğənni İslam Rzayevin yaradıcılığından danışarkən  onu sənətsevərlərə təkcə ifaçı kimi təqdim etmək doğru olmaz. O həm də bacarıqlı musiqi təşkilatçısı, musiqi xadimidir. Onlarla gənc istedadlı müğənni bilavasitə onun təmənnasiz zəhməti və qayğısı ilə yetişib formalaşmışdır. Bir sözlə, İslam Rzayev Azərbaycan musiqi sənətində öz yeri olan sənətkardır. Biz bunu tədricən daha yaxşı görüb hiss edəcəyik”…

İslam Rzayevin Tofiq Quliyevlə, Cahangir Cahangirovla, Süleyman Ələsgərovla, Hacı Xanməmmədovla, Elza İbrahimova ilə, Ramiz Müstafayevlə, Şəfiqə Axundova ilə , Nəriman Məmmədovla, Hökumə Nəcəfova ilə, Qulu Əsgərovla, Bəhram Nəsibovla, Şahid Əbdülkərimovla geniz yaradıcılıq əlaqələri olub. Bütövlükdə onların yaradıcılığı əlvan xalıya bənzəyən, xoş rayihə qoxuyan çəmənzarı xatırladır. Hər biri özünə yüksək  yanaşma mədəniyyəti, vokal-ifa ustalığı tələb edir. İ.Rzayev bu missiyanı ləyaqətlə yerinə yetirmişdir.

Görkəmli bəstəkarımız Changir Cahangirovun əksər mahnıları mürəkkəb struktura malikdir. Bu mahnılar ifaçıdan arayıb-axtarmaq, özünü bərkə-boşa salmaq, yeni ifa maneralarına  yiyələnmək vərdişi tələb edir. İslam Rzayev onun “Füzuli” kantatasının, ayrı-ayrı simfonik əsərlərinin, bir çox mahnısının ifaçısı olmuşdur. “Füzuli” kantatası ilk dəfə səslənəndə ona ağız büzənlər də oldu. Amma müəyyən müddətdən sonra pərəstişkarları çoxaldı. Əlbəttə, bu müsbətə doğru yönəlmədə İslam müəllimin uğurlu ifasının da rolu az deyildi.

Xalq artisti Şövkət xanım Ələkbərovanın sənət yoldaşı İslam Rzayev haqqında vaxtilə dedikləri: “…O, bir müğənni kimi əvəzsizdir. Səs diapazonu böyükdür. Səsini yaxşı idarə edir. Mahnıların enişini, yoxuşunu, bəmini, zilini ustalıqla yerinə yetirir.

Mən İslamı həmişə klassik oxuyanlarımızla yanaşı tuturam. Çünki o, həmişə həm sənətində, həm də hərəkət və davranışlarında onlardan əxz etdiyi ağayanalığı nümayiş etdirir.

Bir də onu deyim ki, İslam universal sənətkardır. Həm muğam, həm mahnı, həm romans, həm də kantata ifa edir. Janr müxtəlifliyinə, həm də janrın özünəməxsus ifa manerası tələb etməsinə baxmayaraq, o, bu çətin işin öhdəsindən bacarıqla gəlir. Muğamı muğam, mahnını mahnı, romansı romans, kantatanı kantata kimi oxuyur.

Müğənni İslam Rzayev təkcə sənətkar kimi yox, həm də insan kimi əvəzsizdir. O, həyatda çox sadə və səmimidir. Yaxın olduğu adamlara həmişə kömək əli uzatmağa çlışır…”.

İslam müəllim mahir pedaqoq kimi də bizim yaddaşımızdadır. Dərs dediyi ixtisaslaşdırılmış musuqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasında onlarca tələbə İslam Rzayevdən muğam və vokal ifaçılığını öyrənmişdir. Məzunu olduğum Dövlət Musiqi Akademiyasında ustad xanəndə İslam Rzayevin sinfini bitirmişəm. Ondan əxz etdiyim muğam və təsnifləri bu gün tələbələrimə həvəslə öyrədirəm.

İslam Rzyev yaddaşlarda, eləcə də bacarıqlı ansambl rəhbəri kimi də qalacaqdır. Onun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə onlarla gənc ifaçı səhnəyə, televiziya ekranlarına çıxmışdır.

İslam Rzayevin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda ilk professional Dövlət Muğam Teatrı yaradılmışdır. Muğam teatrında ayrı-ayrı ifaçılar qədim muğamlarımızı teatrlaşdırmışlar.

İslam Rzayev musiqi mədəniyyətimizdəki xidmətlərinə görə 1967-ci ildə əməkdar artist, 1989-cu ildə xalq artisti adına və 2007-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.

Ustad xanəndə İslam Rzayevin oxuduğu bütün mahnılar zamanın ahəngindən doğan  və yaddaşlara həkk olunan ifalardır. Buna görə də bu mahnılar heç vaxt zaman, məkan məhdudiyyəti və sərhəddi bilməyəcək, sərt sınaqlardan uğurla çıxacaq.

İslam Rzayev vokal ifaçılıq sənətinin incəliklərini bilən müğənni, hamının ürəyinə, hiss və duyğularına hakim kəsilən ustad sənətkar idi. Onun səsinin mayasında qərarlaşmış yanğı, həzinlik ustad xanəndənin torpaq həsrəti ilə alışıb yanan qəlbinin fəryadı idi. 2008-ci ildə bu yanğı, bu nisgil ilə də dünyasını dəyişdi İslam müəllim.

Ruhun şad olsun, ustad !..

RUZƏ İBİŞOVA,

Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muğam sənəti kafedrasının baş müəllimi, doktorant

 

 

Seçilən
9
azpost.info

1Mənbələr