Gənc hüquqşünaslar üçün təşkil edilən "Lex Camp" düşərgəsində 60-a yaxın gənc hüquqşünas iştirak edəcək.
"Report" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov "Lex Camp" düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu il Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda Konstitusiya və Suverenlik ili elan olunub:
"Bu çərçivədə Ədliyyə nazirliyi müxtəlif tədbirlər həyata keçirəcək. Hazırda bu tədbirdə Martin Lüter adına Halle-Vittenberq Universiteti, Azərbaycan gənclərinin daimi dostu olan Gənclər Fondu, həmçinin Ədliyyə könüllüləri iştirak edirlər. Tədbirin məqsədi həm ADA Universitetinin, həm də Halle Universitetinin müəllim heyətinin iştirakçılara təlimlərin keçirilməsi, diskussiyaların aparılmasıdır".
Abiddin Hüseynovun sözlərinə görə, tədbirə Azərbaycanın aparıcı universitetlərinin tələbələri qoşulub.
O bildirib ki, ümumilikdə 60-a yaxın gənc hüquqşünas düşərgədə iştirak edəcək.