AZ

Mədəkiçiltmə əməliyyatı düşünənlər oxusun - Maksimum nə qədər arıqlamaq olar?

Son illər artıq çəki və piylənmə əsas xəstəliklərdən birinə çevrilib. Bununla yanaşı, arıq olmaq az qala, dəb sayılmağa başlayandan bəri artıq çəki ilə bağlı cərrahi müdaxilələr (buna bariatrik cərrahiyyə də deyirlər) sürətlə artmağa başlayıb. 

Bəs mədəkiçiltmə əməliyyatı üçün hansı çəki göstəriş sayılır? İnsanı əməliyyat masasına gətirən hansı psixoloji səbəblər var? Əməliyyatla verilən çəkinin qayıtmaq riski varmı?

Ümumi və bariatrik cərrahiyyə uzmanı Ayxan Abbasov bu və digər məsələlərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:

- Bariatrik cərrahiyyədə hansı yeni üsullardan istifadə edirsiniz?

- Bariatrik cərrahiyyədə hazırda dünyada ən çox istifadə olunan üsul mədəkiçiltmə və mini qastrik bypass dediyimiz mədə şuntlama əməliyyatlarıdır. Bunlar yeni texnologiyalarla, laparoskopik üsulla icra olunur. Bu üsullar əməliyyatın güvənli keçməsi, əməliyyatdan sonra çıxa biləcək problemlərin azalmasına səbəb olur. 

- Bariatrik cərrahiyyəyə hansı halda göstəriş yaranır? Yemək porsiyasını azaltmaqla arıqlamaq mümkün deyil?

- İlk olaraq bizim tövsiyəmiz pasiyentin artıq çəkisini özünün iradəsi ilə azaltmaqdır. Çünki ən sağlam üsul əməliyyatsız üsuldur. Biz bariatrik cərrahiyyəni bir tək gözəllik üçün icra etmirik. Bundan artıq çəkinin yaratdığı fəsadları - şəkər, təzyiq, xolesterol yüksəkliyi, sonsuzluq, ürək-damar xəstəliklərini aradan qaldırmaq üçün istifadə edirik. Əvvəla, bu çəkinin səbəbi araşdırılmalıdır. Artıq çəki orqanizmimizin xroniki stresi ilə bağlıdır, bu, kortizon hormonunu yüksəldir. Hormon da insulin dirəncini artıraraq daha çox çəki yığmamıza səbəb olur. 

- Mədəkiçiltmə əməliyyatı ilə maksimum nə qədər arıqlamaq olar?

- Artıq Ümumdünya Səhiyyə Təşkilatı da bu əməliyyatları bədən kütlə indeksi 35-in üzərində olan xəstələrə tövsiyə edir. Bədən kütlə indeksi pasiyentin çəkisini onun boyunun kvadratına bölməklə hesablanır. Əgər bu rəqəm 40-ın üzərindədirsə, bu pasiyentlər 3-cü dərəcəli piylənmədən əziyyət çəkirlər və onlarda birbaşa əməliyyata göstəriş var. Bu rəqəm 35-in üzərindədirsə və pasiyentin yanaşı xəstəliyi varsa, onlara da əməliyyat göstərişi var. Əgər kütlə indeksi 35-in altındadırsa, o zaman seçili pasiyentlərdə biz mədə balonu prosedurunu icra edə bilərik. 30-35 kilo artıq çəkisi olan pasiyentlərə bu əməliyyat edilir. 

- Yəqin ki, ehtiyac olmadan, yerli-yersiz mədəkiçiltmə əməliyyatı üçün müraciət edənlər olur. Onları fikrindən daşındırmağa çalışırsızmı?

- Hazırda artıq çəki də pandemiya kimi bütün dünyada yayılır. Bu əməliyyatlar ilk icra olunanda tamamilə pasiyentin xəstəliyinin yaratdığı fəsadlara yönəlik əməliyyat idi. Zamanla artıq çəkisi olan hər pasiyent həkimlərə müraciət etməyə başladı. Həmin pasiyentlərə edilən əməliyyatlar estetik əməliyyatlardır. 

Müraciət edən insanlara sualımız olur ki, artıq çəkidən qurtulmaq üçün sağlam orqanınızı kəsdirməyə dəyərmi? Çünki ikinci, üçüncü dərəcəli piylənmədən əziyyət çəkən insanlarda problem piy toxumasıdır. Əgər normal yollarla dəfələrlə cəhd etməyə baxmayaraq çəki itirilmirsə, biz sağlam orqanı kəsirik, pasiyenti daha böyük zərərdən qurtarmaq üçün ona kiçik zərərlər verə bilirik. Ona görə artıq çəki üçün icra olunan əməliyyatları düzgün şəkildə, düzgün seçilmiş pasiyentlərdə icra etmək lazımdır. Artıq çəki bayaq sadaladığım fəsadları - şəkər, təzyiq ürək-damar sistemi, sonsuzluq kimi xəstəlikləri yaradıb xəstənin ömrünü qısaldırsa, onlarda bu əməliyyatları etməliyik. Yoxsa 15-20 kq artıq çəkisi olan pasiyentə bu əməliyyatı etmək qətiyyən doğru deyil. 

- Bəs həmin çəkinin yenidən geri qayıtma riski varmı?

- Mədəkiçilmtə və mədə şuntlama əməliyyatında çəkinin geri qayıtma riski çox yüksəkdir. Bu əməliyyatın düzgün icra olunmaması, mədənin fundal hissəsinin düzgün çıxarılmaması, pasiyentlərin əməliyyatdan sonra həyat tərzi dəyişikliklərinə riayət etməməsi 25-30 faiz çəki alma ehtimalı yaradır. 

- Mədəkiçilmə əməliyyatlarında ölüm halları ilə bağlı tez-tez eşidirik. Bu nə ilə əlaqədardır, həkim səhlənkarlığı nə qədər rol oynayır?

- Bütün əməliyyatlarda risk var. Mədəkiçiltmə əməliyyatında pasiyentin daha çox çəkili olması, buna bağlı olaraq tənəffüs, ürək-damar problemlərinin olması və ya reabilitasiya dönəmini çətinləşdirəcək hallar varsa, həmçinin həkim səhlənkarlığı olarsa, bu da ölüm riskini artırır. 

- Belə iddialar da var ki, mədəkiçiltmə edən şəxslərdə xərçəng yaranma riski böyükdür... 

- Tamamən yanlış məlumatdır. Azərbaycanda bir təsadüf nəticəsində tanınmış şəxs mədəkiçiltmə əməliyyatından sonra vəfat etmişdi. Amma onun ölümünə səbəb mədəkiçiltmə əməliyyatı olmayıb, xərçəng olub. Xərçəng mədəkiçiltmə əməliyyatına bağlı olaraq yaranmayıb. Elmi tədqiqatlar da sübut edir ki, artıq çəki xərçəngə yönəlik ehtimalları artırır. Piylənmə qalxanabənzər vəzi, böyrək, qadınlarda yumurtalıq, kişilərdə prostat xərçəngi ehtimalını artırır. Amma rəsmi olaraq bu əməliyyatın xərçəng riskini artırması ilə bağlı elə bir məlumat yoxdur. 

- Əməliyyat etdiyiniz pasiyentlər arasında ən çox çəki nə qədər olub?

- Azərbaycanda etdiyimiz əməliyyatlar arasında ən çox 240 kq çəkisi olan kişi pasiyent olub. Hazırda 80 kq-dır, sağlamlığı tamamilə yerindədir. 

- Özünüzü pasiyentin yerinə qoyub mədəkiçiltmə əməliyyatı edərdiniz, yoxsa artıq çəkinizi başqa bir yolla aradan qaldırmağa çalışardınız?

- Bizə müraciət edən pasiyentlər ən azı 2 dəfə dietoloq nəzarətində artıq çəkidən qurtulmağa çalışmalıdır. Buna nail olmasa, o zaman ona əməliyyat tövsiyə edirik. Özümüz digər yollarla - pəhriz, idmanla çəki itirməyə çalışarıq. Əgər olmazsa, son çarə olaraq əməliyyat seçilməlidir. Artıq çəki öldürmür, onun yaratdığı fəsadlar insanların həyat müddətini qısaldır. Elmi araşdırmalara görə artıq çəki qadınlarda 9, kişilərdə 13 il ömrü qısaldır. 

- Uşaqlar arasında da piylənmədən əziyyət çəkənlər olur. Onlara necə kömək edirsiniz?

- Bu xəstələri birbaşa əməliyyat etmək düzgün deyil. Burada bir neçə şərt var, uşaq endokrinoloqu rəy bildirməlidir ki, həqiqətən onların ciddi endokrinoloji problemləri var. O zaman seçili pasiyentlər əməliyyata alına bilər. 

- Son zamanlar saxta diplomlu şəxslərin cərrah fəaliyyəti göstərməsi ilə bağlı məsələ gündəmdədir. Elələri var ki, həkimdir, estetik cərrah deyil, elələri də var ki, ümumiyyətlə, həkim deyil, amma əməliyyat edir. Səhiyyə Nazirliyi də bir müddət əvvəl bununla bağlı Baş Prokurorluqla birgə məlumat yaydı və bu şəxslərin fəaliyyətinin araşdırıldığı açıqlandı. Peşəkar cərrah kimi sizin bu məsələyə münasibətinizi öyrənmək istəyərdik. 

- Əgər saxta diplomla əməliyyat icra olunursa, Səhiyyə Nazirliyi bunlara ciddi şəkildə nəzarət etməlidir. İkincisi, hər kəs öz mütəxəssis olduğu sahəni icra eləsə, daha yaxşı olar. Həm pasiyentlərin sağlamlığı ilə əlaqədar, həm də əməliyyatdan sonra çıxa biləcək problemlərə ciddi nəzarət edib idarə etmək lazımdır. Bəzi əməliyyatlar var ki, cərrah onları ildə bir dəfə edir. Ona görə də hər kəs öz ixtisasına uyğun işləməlidir. 

- Artıq çəkinin psixoloji tərəflərindən danışmağınızı istəyərdim. Çünki son vaxtlar sanki bu dəb halını alıb, hər kəs arqlamağa çalışır. Əgər hər hansı xəstəlik yoxdursa, niyə hamı arıq olsun ki?

- Siz özünüz artıq çəkidən əziyyət çəkmədiyiniz üçün bu sualı vermək asandır. Artıq çəkili insana irad bildirilir ki, “ağzını tik, idman elə, çəki itirəcəksən”. Əslində bu, o qədər bəsit bir şey deyil. Artıq çəki bir tək yeməklə, az hərəkət eləməklə əlaqəli deyil. Bəzən elə olur ki, insanlar artıq çəkili şəxslərdən daha çox qidalanır, amma çəki almır. Bunun səbəbi hormonal, metabolik, mədə-bağırsaq, genetik, hemostatik sistem problemləri ilə bağlı ola bilər. Bu insanlar onsuz da psixoloji problem yaşayırlar və psixoloji təzyiq edəndə onları daha çox depressiyaya salmış olarıq. Artıq çəkisi olan insanlarla cəmiyyətdə zarafat edilir, nəqliyyatda qısıtlanır, işə götürmək istəmirlər. 

- Bunlarla tamamilə razıyam. Amma son dövrlər sanki bir tendensiya yaranıb ki, hər kəs bir dəri, bir sümük olmalıdır...

- Bunların hamısı sosial media ilə əlaqələdir. Biz əvvəllər özümüzü, öz həyat tərzimizi nümayiş etdirmədiyimiz üçün insanlar tərəfindən hər hansı irad görmürdük. Yalnız sağlamlıq problemi olanlar ondan qurtulmaq istəyirdi, digər insanlar artıq çəkisi ilə barışıq vəziyyətdə idi. Artıq sosial medianın daha geniş yayılması ilə əlaqədar hər kəs özünü başqası ilə müqayisə edərək daha çəkisiz olmaq istəyir və bunun üçün müxtəlif yollara əl atır. Tövsiyəm odur ki, yalnız ehtiyacı olan insanlar əməliyyat üçün müraciət eləsinlər.

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal


Seçilən
451
24
qafqazinfo.az

10Mənbələr