AZ

Sertifikasiyada gənclər daha yaxşı nəticə GÖSTƏRİRLƏR

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, 2022-ci ildən keçirilmiş sertifikasiyada ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, xarici dil fənlərini tədris edən, yaşı 30-a qədər olan təhsilverənlər sertifikatlaşdırma prosesində 100%-lik nəticə göstəriblər.

 

Görəsən, gənclərin sertifikasiyada yüksək bal toplamasının səbəbləri nələrdir? Bu təhsil, yoxsa özünüinkişafla bağlıdır?

 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, sertifikasiya prosesində gənclərin daha uğurlu olmasının səbəbi onların kurikulum, eləcə də ümumi tədris proqramlarını mənimsəmələri və mövcud proqramla bağlı tədris almalarıdır:

 

“Gənclərin həm özlərini inkişaf etdirmələri, həm də aldıqları təhsil imkan verir ki, sertifikasiya prosesində daha uğurlu olsunlar. Bundan əlavə gənc nəslin informasiya kommunikasiya texnologiyaları (İKT) bilikləri digər nəslin nümayəndələrinə nəzərən daha yüksəkdir. Onlar çox rahatlıqla kompüterdə işləyə bilirlər. Nəticə etibarı ilə sualların cavablandırılmasında texniki cəhətdən çətinlik çəkmirlər. Cavabını bilmədikləri suallar üçün növbəti səhifələrə keçid edə bilirlər. Ancaq təəssüf ki, digər nəsillərin İKT biliklərinin zəif olması imtahanda da özünü göstərir. İndi informasiya əsridir. Daha çox texnologiya ilə bağlı bilik və bacarıqları yüksək olan şəxslərə ehtiyacımız var. Qarşıdakı illərdə təhsil müəssisələrinin böyük hissəsi həm kompüterlərlə təmin olunacaq, həm də ağıllı lövhələr istifadə edilməyə başlayacaq. Dərslər rəqəmsal alətlər vasitəsilə tədris olunacaq. Belə olduqda gənc nəslin bilik və bacarıqları özünü daha çox göstərəcək.

 

Sertifikasiyada yüksək bal toplamaq üçün digər amil isə özünüinkişafla bağlıdır. Gənclər öz üzərlərində daha çox çalışırlar. Nəticədə müsabiqədə daha uğurlu ola bilirlər. Qarşıdakı dövr ərzində növbəti fənlərdən keçiriləcək sertifikasiyada da gənclərin uğurlu olacağına şübhə etmirik”.

Seçilən
22
azedu.az

1Mənbələr