AZ

“Rusiya müharibəni indiki cəbhə xəttində dayandıra bilər” - Simonyan Kremlin “şərtlərini” açıqladı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla danışıqlarda Rusiya Ukrayna ilə müharibəni mövcud cəbhə xəttində dayandırmağa razılıq verə bilər.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin ən qatı təbliğatçılarından olan Marqarita Simonyan deyib.

Sözsüz ki, Kremlin dili ilə danışan Simonyan Donald Trampla mövcud cəbhə xətti boyunca müharibənin dayandırılması və işğal olunan ərazilərin Rusiyanın ixtiyarında qalması şərtilə razılaşmanın əldə olunacağına ümid etdiklərini qeyd edib: “İnanıram ki, həm Trampın, həm də bizim razılaşa biləcəyimiz şey bu danışıqların başlandığı anda bizdə olan ərazilərdə dayanmaqdır... Biz təmas xəttində dayanırıq. Təmas xəttinin bu tərəfində olanların hamısı bizim olaraq qalır”.

Eyni zamanda, Simonyan Rusiyaya Ukraynanın NATO-ya daxil olmayacağına, həmçinin Ukraynanın Rusiyaya və rusdilli əhaliyə qarşı “aqressiv hərəkətlər” etməyəcəyinə dair zəmanətlər verilə biləcəyini qeyd edib.

Göründüyü kimi, Kreml Simonyanın vasitəsilə Trampla danışıqlarda gedə biləcəyi güzəştləri açıqlayıb. Belə ki, ötən ilin yayında Vladimir Putin Rusiyanın Ukraynanın Zaporojye, Xerson, Luqansk və Donetsk vilayətlərinin inzibati ərazilərini tam tərk edəcəyi təqdirdə danışıqlara hazır olduğunu bəyan etmişdi. 

Son günlərə qədər Rusiya hakimiyyətinin təmsilçiləri bu tələblərin dəyişməz olaraq qaldığını deyirdilər. Lakin göründüyü kimi, Trampın inauqurasiyası ərəfəsində mövqe dəyişikliyi nəzərə çarpır və bu, Simonyan kimi təbliğatçıların vasitəsilə nümayiş etdirilir.

“AzPolitika.info”     

Seçilən
9
azpolitika.info

1Mənbələr