Rusiyalı ekspertlər Çinin 2049-cu ilə qədər, yəni Çin Xalq Respublikasının yaranmasının 100 illiyinə qədər olan dövrdəki inkişafını qiymətləndirən geniş hesabat hazırlayıblar. Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun dərc etdiyi hesabatda Çinin iqtisadi, hərbi və beynəlxalq arenada gələcəyi və Rusiya ilə əlaqələri müzakirə edilib. Araşdırmada Çinin xüsusilə hərbi xərclərini artıraraq üçüncü nüvə super dövləti olmağa doğru addımlayacağı, 2035-ci ilə qədər ABŞ və Rusiyanın nüvə strateji potensialına yaxınlaşacağı bildirilib. Ekspertlərin fikrincə, bu, Pekinin qlobal təsirini xeyli artıracaq.
Hafta.az-ın yazdığına görə, hesabatda Çinin iqtisadi sahədəki daxili və xarici çətinliklərinə də toxunulub. Aşağı daxili istehlak nisbətləri, sürətlə qocalan əhali, məhdud təbii ehtiyatlar və regional balanssızlıqlar Çinin davamlı böyüməsinə əsas maneələr kimi göstərilib. Bundan əlavə, qlobal iqtisadiyyatda proteksionizm meylləri və Qərbin Çinə qarşı texnoloji sanksiyaları kimi xarici təzyiqlər də nəzərə alınıb. Lakin ekspertlər Çinin bu çətinliklərə baxmayaraq iqtisadi dayanıqlığını qoruyub saxlamaqla “yüksək keyfiyyətli inkişaf” modelinə keçə biləcəyini proqnozlaşdırırlar.
Hesabatda Çinin müdafiə xərclərini artıraraq nüvə və ənənəvi hərbi potensialını gücləndirəcəyi bildirilir. Mütəxəssislərin fikrincə, 2049-cu ilə qədər Çinin dəniz qüvvələri ABŞ-la müqayisə oluna biləcək səviyyəyə çata bilər. Həmçinin vurğulanıb ki, Pekin süni intellekt, hipersəs silahları və kosmik texnologiyalar kimi qabaqcıl hərbi texnologiyalarda liderlik axtarmağa davam edəcək. Bununla belə, Çinin qlobal hərbi varlığının ABŞ-dakı qədər böyük olmayacağı, lakin Afrika və Yaxın Şərqdə yeni bazalar qura biləcəyi bildirilib.
Çinin xarici siyasətində iqtisadi sabitliyi prioritet olaraq görəcəyi və qlobal liderlik axtarışlarını “Qlobal Cənub” ölkələri vasitəsilə davam etdirəcəyi qiymətləndirilir. Çinin Qərblə rəqabətdə çeviklik nümayiş etdirərək açıq münaqişələrdən qaçacağı, lakin Qərb ittifaqındakı ziddiyyətlərdən yararlanmağa çalışacağı təxmin edilir.
Rusiya ilə münasibətlərdə strateji tərəfdaşlıq davam edəcək, lakin Çinin həddindən artıq öhdəliklərdən qaçacağı bildirilir. Ekspertlər vurğuladılar ki, bu münasibətlər Moskvanın Pekindən hədsiz asılı olmasının qarşısını alacaq şəkildə balanslaşdırılmalıdır.
Ekspertlər bildirirlər ki, Çinlə Qərb arasında nəzarətli rəqabət Rusiya üçün ən sərfəli ssenaridir. Belə olan halda Moskva Çinlə əməkdaşlığı gücləndirməklə yanaşı, digər güc mərkəzləri ilə də münasibətlərini yaxşılaşdırmalıdır. Bununla belə, Çinin ciddi iqtisadi böhrana girəcəyi və ya ABŞ və müttəfiqlərini geridə qoyacaq şəkildə güclənəcəyi təqdirdə Rusiya üçün risklərin olduğu bildirilir. Birinci ssenaridə Rusiya iqtisadiyyatı zədələnə bildiyi halda, ikinci ssenaridə Pekinin artan gücü Rusiyanın xarici siyasətdə manevr imkanlarını daralda bilər.
“Kommersant” xəbər verir ki, Rusiya Çinlə münasibətlərini balanslı və çoxşaxəli şəkildə davam etdirməlidir. Ekspertlər qeyd ediblər ki, Moskva öz müstəqilliyini və milli maraqlarını qorumalı və Çinlə əməkdaşlığı daha bərabər səviyyədə qurmalıdır.