Ekspertlər bildirirlər ki, dolların sürətlə bahalaşması dünya bazarlarında digər valyutalara, o cümlədən Azərbaycan manatına təzyiqləri artırır. Avropa İttifaqı və Böyük Britaniyada uçot dərəcələrinin azaldılması gözləntiləri və ABŞ-dən gələn güclü məşğulluq məlumatları Federal Ehtiyat Sistemini (FRS) faiz dərəcələrini aşağı salmaqdan çəkindirir. Bu vəziyyət dollara olan tələbi daha da artırır və nəticədə manatın sabitliyini qorumaq çətinləşə bilər.
2025-ci ildə dolların avro qarşısında 5% bahalaşacağı proqnozlaşdırılır ki, bu da Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar deməkdir. Manatın sabitliyinin qorunması üçün əlavə tədbirlərə ehtiyac ola bilər.
Maraqlıdır dolların, dünya və Avropda bahalaşması manata necə təsir edə bilər? Azərbaycan yaxın zamanlarda üzən məzənnə rejiminə keçə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Əkrəm Həsənov Ajans.az-a açıqlamasında bildirib ki, ölkədə neft hasilatı davam etdiyi müddətdə üzən məzənnəyə keçmək iqtisadi baxımdan sərfəli deyil:
"Azərbaycan yaxın 10 il ərzində üzən məzənnə rejiminə keçməyə bilər. Üzən məzənnə rejimi odur ki, bazarda çoxsaylı alıcı və satıcılar mövcuddur. Azərbaycanda isə əsas satıcı sadəcə Dövlət Neft Fondu olduğu üçün bu rejim effektiv ola bilməz. Niyə Rusiyada üzən məzənnədir? Çünki Rusiyanın gəlirləri yalnız neftdən asılı deyil. Onların balıqçılıq, meşə təsərrüfatı, qızıl, brilyant və digər mənbələrdən gəlirləri var. Amma Azərbaycan neftdən asılıdır və bu rejim bizə uyğun deyil".
Son günlər dolların digər valyutalara nisbətən bahalaşması ilə bağlı narahatlıqlar olsa da, Həsənov bunun Azərbaycana müsbət təsir göstərə biləcəyini vurğulayıb.
"Dolların qiymətinin artması fonunda digər valyutalar ucuzlaşır. Bu isə Azərbaycanın xaricdən idxal etdiyi məhsulların qiymətində sabitlik yarada bilər. Biz neftimizi dollara satırıq və dolların kursunun qalxması neft satışından daha çox gəlir əldə etməyimizə səbəb olur. Bu, hazırkı vəziyyətdə iqtisadi sabitliyə kömək edir.”
Bununla belə, iqtisadçı neft hasilatının azalmasının və neftin dünya bazarındakı qiymətinin düşməsinin uzunmüddətli dövrdə milli valyuta üçün təhlükə yarada biləcəyini də qeyd edib.
"Hazırkı dövrdə manata təhlükə yoxdur. Lakin bir neçə il sonra neft hasilatının azalması və qiymətlərin düşməsi milli valyutamız üçün problemlər yarada bilər. Buna görə iqtisadiyyatın diversifikasiyası mühüm əhəmiyyət kəsb edir."
Uzunmüddətli iqtisadi sabitliyi təmin etmək üçün ölkənin qeyri-neft sektoruna sərmayə qoyması və gəlir mənbələrini artırması vacibdir. Hazırkı şəraitdə isə dolların bahalaşmasının Azərbaycana müsbət təsir göstərəcəyi gözlənilir", - Əkrəm Həsənov əlavə edib.