AZ

Olavio Juninyo “Flamenqo”da tibbi müayinədən keçdi

“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqo”ya transfer olunan Olavio Juninyo artıq yeni klubunda tibbi müayinədən keçib.

Arena.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, tibbi müayinənin nəticələri artıq A Seriyası təmsilçisinin ABŞ-dəki nümayəndə heyətinə göndərilib. 28 yaşlı hücumçu komandanın sözügedən ölkədəki təlim-məşq toplanışına qatılmayacaq.

Xatırladaq ki, “Flamenqo” yanvarın 20-də “San Paulo” ilə yoxlama oyunundan sonra Braziliyaya dönəcək. Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Amma Juninyonun qarşıdakı ilk üç rəsmi oyunda iştirak etməyəcəyi vurğulanır. Forvard “Karioka – Taka Quanabara” turnirində “Madureyra”, “Nova İquacu” və “Banqu” ilə matçlarda iştirak etməyəcək. Onun yanvarın 25-də eyni yarışda “Volta Redonda” ilə görüşdə debütü gözlənilir.

Juninyo “Flamenqo” ilə 3 illik rəsmi müqaviləyə imza atacaq. “Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. “Flamenqo” həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.

Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçmişdi. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. O, Azərbaycan çempionunun heyətində 80 oyuna çıxıb, 41 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu Ağdam klubu ilə Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
14
arena.az

10Mənbələr