"Hazırda bir çox yerdə sosial şəbəkələrdə bitki mənşəli çaylar satılır. Bunlar arasında arıqladıcı, şəkər salıcı və immunitet artırıcı çaylar mövcuddur. Şəkər salıcı və immunitet artırıcı çaylar hər zaman olub. 20-30 il əvvəl də bu çaylar var idi və insanlar bu çaylardan istifadə edirdilər. Bunlar bitki tərkibli çaylardır, amma müalicə üçün deyil. Vətəndaşlar bəzən elə bilirlər ki, bu çaylar müalicəvi çaylardır. Lakin şəkər xroniki bir xəstəlikdir və mütəmadi olaraq müalicə olunmalıdır. Bu çaylar isə müalicə üçün olan dərman preparatları və məhsulları deyil".
"Bu sözləri Operativ Media"ya açıqlamasında endokrinoloq Aygün Quliyeva deyib.
"Həkim bitki çayları hesab edilən arıqladıcı məhsulların insan orqanizminə olan ziyanarından danışıb:
"Digər çaylar isə əsasən arıqladıcı çaylardır. Lakin bəzi fırıldaqçılar müxtəlif kampaniyalar vasitəsilə və orqanizmə təsirini bilməkdən xəbərsiz olaraq, bu çayları alır. Sonra isə həkimin yazdığı dərmanları dayandırır və yalnız bu çaylardan istifadə etməyə başlayır. Bu cür yanaşmanın qarşısı mütləq alınmalıdır. Həkimin yazdığı müalicəni dayandırmaq olmaz. Xəstəyə düzgün diaqnoz qoyulmalı və müvafiq müalicə almalıdır. Dərmanlar illərlə sınaqlardan keçməlidir.
Bu çayların çox vaxt üzərində tərkibi yazılmır. İnsanlar bu çayları tərkibini bilmədən istifadə edirlər. Çox hallarda bu çayların tərkibində qadağan olunmuş maddələr olur, amma üzərində qeyd edilmir. Bu çaylar ilk dəfə istifadə edildikdə insanları həqiqətən arıqladır. Bir ay ərzində insan çəkisinin 5-10 faizini itirə bilər. Amma bu vəziyyət normal deyil. Ola bilməz ki, bir insan bir ay ərzində 10 kiloqram çəki itirsin və itən çəki piydən olmalıdır. Əzələlərin kütləsindən arıqlamaq olmaz. Bu çayların tərkibində elə maddələr var ki, birbaşa beyinə təsir edir. Bununla da insanın iştahını kəsir. İnsan heç nə yemək istəmir. Mütəmadi istifadə edərkən isə ciddi fəsadlar yaranır. Ən çox problem isə böyrəklərdə baş verir. Uzun müddət bu çaylardan istifadə böyrəyi sıradan çıxara bilər".