Bakı, 15 yanvar, AZƏRTAC
“Harri Potter və Fəlsəfə daşı” kitabının çölə atılmalı olan ilk nadir nəşri 40 000 funt-strelinqə satılacaq. Bu barədə AZƏRTAC xarici mediaya istinadla məlumat verir.
İngiltərənin Peyqnton şəhərində yerləşən “NLB Auctions” hərrac evinin rəhbəri Deniel Pirs kitabı dünyasını dəyişmiş briksxemli bir kişinin əşyaları arasından tapıb. “Bu, bizim üçün ən böyük tapıntıdır. Ailə heyrət içindədir, onlar bunu heç gözləmirdilər... Onlar üçün bu, 20 il rəfdə qalmış vacib pul olacaq” – deyə o bildirib.
Onun sözlərinə görə, nüsxəni çölə atılmalı olan zibil yığınının üst hissəsindən tapıb. Pirs deyib: “Kitabxana nəşri olduğu üçün o, əla vəziyyətdə idi. Adətən bu cür kitablar bazara cildləri zədələnmiş halda daxil olur. Bu isə əla vəziyyətdə qalıb”.
Kitabın ilk səhifəsində karandaşla qiymət olaraq 2 funt-sterlinq qeyd olunub. Nüsxə bu qiymətə kitabxanadan alınaraq evə aparılıb. Pirsin sözlərinə görə, kitabın arxa tərəfində “philosopher's” sözünün düzgün yazılmaması onu göstərir ki, bu, ilk nəşrdir. Sonda “o” hərfi çatmır.
Deniel Pirs qeyd edib ki, digər nüsxə də eyni vəziyyətdə noyabrda 42 000 funt-sterlinqə (52 min dollar) satılıb.