"Düşünürəm ki, artıq insanlar arasında əvvəlki isti münasibətlər qalmayıb".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əvvəlki dövrlərdə bir çox şey əlçatmaz idi:
"Məsələn, uzaq qohumlar və dostlar vasitəsilə ünsiyyətimiz çox az idi. Onlarla sadəcə ev telefonu vasitəsilə əlaqə saxlamaq olurdu. Həmçinin, onları görmək üçün günlərlə həvəslə gözləyərdilər. Keçmiş dövrlərdə kommunikasiya indiki kimi olmadığı üçün bunların hər biri olduqca dəyərli idi. Yalnız görüşərək və telefonla danışaraq ünsiyyət qurmaq mümkün olurdu".
Mütəxəssis diqqətə çatdırıb ki, keçmiş zamanlarda insanların işə getmək, kitab oxumaq və televizora baxmaqdan başqa çox məşğuliyyətləri olmurdu:
"Ona görə də insanlar arasındakı real ünsiyyət daha dəyərli hesab olunurdu. Əvvəlki zamanlarda insanlar hər kəslə ünsiyyət qurmaz və hər adamı həyatlarına daxil etməzdilər. İndiki dövrdə isə vəziyyət dəyişib. Artıq hər kəs istənilən şəxsi rahatlıqla tapa bilir.
Yəni insanların dostlarına istənilən anda yazması mümkündür. İndiki dövrdə insanlar tanımadıqları şəxslərlə belə istənilən yerdə ünsiyyət qura bilirlər. Hər kəsin həyatına daxil olmuş sosial şəbəkələr insanlara bu şansı verir".
Nabat Mirzəyeva vurğulayıb ki, artıq insanların bir-birinə olan inamı azalıb:
"Sosial şəbəkələrdə qonşuların və qohumların bir-birlərinə etdikləri nalayiq hərəkətləri görürük. Bu isə insanlara olan inamı azaldır. Əlbəttə ki, bu da insanlar arasındakı münasibətlərə də ciddi təsir edir.
Ümumiyyətlə, indiki dövrdə istənilən şəxslə rahatlıqla ünsiyyətin qurulması insanlar arasındakı münasibətləri artıq adiləşdirib. Ancaq sosial şəbəkələrdən ibarət olmadığımızı unutmamalı və sevdiklərimizlə real ünsiyyətimiz azaltmamalıyıq. İnsani duyğulardan məhrum olmamaq üçün sevdiyiklərimizə və doğmalarımıza zaman ayırmalıyıq".
Pərviz