AZ

Müharibədən sağ çıxan Roma ...

İkinci dünya müharibəsi zamanı 1943-cü ilin avqustunda müttəfiq qoşunları (ABŞ, Böyük Britaniya və SSRİ) Siciliyanı tam ələ keçirdilər və sentyabrın 3-də materik İtaliyaya ordu hissələri çıxarmağa başladılar. Mussolininin devrilməsindən sonra İtaliyanın yeni hökumət başçısı marşal Pyetro Badalyo sentyabrın 8-də İtaliyanın təslim olduğunu və müharibədən çıxdığını bildirdi. Bundan sonra almanlar yerləşdikləri İtaliyanın ərazisini, o cümlədən Romanı işğal etdilər.

Müttəfiqlər artıq oktyabrda Romanı tutmaq fikrində idilər, amma reallıq başqa cür oldu. İtaliya zatən ensiz dövlətdir, üstəlik şimaldan cənuba doğru ortası ilə Appenin dağları uzanır. Müttəfiqlər dağ silsiləsinin qərb və şərqi ilə irəliləməyə çalışırdılar. Bu da almanlara şiddətlə müdafiə olunmaq, yavaş-yavaş geri çəkilmək imkanı verirdi. Üstəlik, dekabrda güclü çovğun baş verdi.

Almanlar qazandıqları vaxtdan istifadə edərək Romadan cənubda yerləşən Qustav xətti deyilən müdafiə istehkamlarını gücləndirdilər. Bu xətt Tirren dənizindən Adriatik dənizinə qədər İtaliyanın eni ilə uzanırdı. İstehkamların əsas düyünü isə Kassino şəhərinin yaxınlığındakı Montekassino adlı ərazi idi.

1944-cü il yanvarın 15-də amerikalılar və ingilislər Qustav xəttinə çatdılar. Son 11 km-i qət etmək üçün onlara 6 həftə lazım gəlmişdi. Yanvarın 17-də isə Montekassino döyüşü başladı.

Bu döyüş zamanı qərblilər dörd dəfə hücuma keçdilər. Birinci (17 yanvar – 11 fevral), ikinci (15–18 fevral) və üçüncü (15–23 mart) hücumlar uğursuz oldu. Müttəfiqlər almanların mövqelərini aviasiya və artilleriya ilə, o cümlədən gəmi artilleriyası ilə dağıdıcı atəşə tutur və sonra hücuma keçirdilər. Amma almanlar hər dəfə inanılmaz müqavimət göstərərək Montekassinonu əldən vermirdilər.

Qərb müttəfiqləri qüvvələrini möhkəmləndirmək üçün iki aya qədər vaxt sərf etdilər. Dördüncü Montekassino döyüşü mayın 11-də başladı. Bir həftə sonra Montekassino abbatlığı, daha doğrusu ondan qalan xarabalıqlar ingilis və polyaklar tərəfindən tutuldu. Beş günlük fasilədən sonra, mayın 23-də dördüncü hücumun ikinci hissəsi başladı. Mayın 25-də Qustav xətti çökdü. Romaya gedən yol açıldı.

Montekassinoda müttəfiqlər 55 min, almanlar 20 min itki verdilər.

Qeyd etmək lazımdır ki, almanlar İkinci dünya müharibəsi zamanı törətdikləri bütün vəhşiliklərə və dağıntılara baxmayaraq, Romanın tarixi abidələrini nəzərə alaraq dağılmasını istəmədilər və ondan müdafiə məqsədilə yararlanmadılar. Roma açıq şəhər elan edildi və müttəfiqlər iyunun 4-də şəhərə döyüşsüz daxil oldular.

Cəmi bir il sonra, müharibə qurtarar-qurtarmaz Roberto Rosselini özünün məşhur “Roma – açıq şəhər” filmini çəkdi.

Seçilən
0
vaxt.az

1Mənbələr