AZ

Şagird və valideynlərin gözlədiyi xəbər: Yerlər artır, ballar isə...

Bu il Azərbaycandakı ali təhsil müəssisələrinə 75 mindən çox tələbənin qəbulu planlaşdırılır.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. O bildirib ki, ötən il ali təhsil sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. “Xüsusən ali təhsildə əhatəliliyin artmasını 2024-2025-ci ilin qəbul statistikasında da görə bilərik. 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qeyd edim ki, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. 

Ali təhsildə qəbul sayları və əhatəlilik artırılır, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır. Nazirlər Kabinetinin 6 sentyabr 2024-cü il tarixli Qərarı ilə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı orta hesabla 25% artırılıb. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində təhsil xərci üçün əlavə 101 milyon manat olmaqla, ümumilikdə 391 milyon manat vəsait nəzərdə tutulub”, - K.Kərimzadə qeyd edib. 

Universitetlərdə plan yerlərinin  artırılması keçid balların aşağı düşməsinə səbəb ola bilər? Mövzu ilə bağlı “Cebheinfo.az”- açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu zaman kəskin bal fərqi yox, müəyyən qədər də enmə ola bilər. Ekspertin sözlərinə görə, bəzi ixtisaslarda planlaşdırılmış keçid ballarında müəyyən qədər enmə müşahidə oluna biləcək: 

“2022-2026-ci illəri əhatə edən dövlətin sosial-iqtisadi inkişaf proqramında ali təhsil müəssisələrində ümumi olaraq 2027-ci ilə qədər 80-85 minə qədər tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Buarda söhbət konkret olaraq bakalavr pilləsindən getmir. Bu il 75 min tələbənin ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pilləsi üzrə qəbulu nəzərdə tutulur. Məlum olduğu kimi, ölkədə ötən il 74 min nəfərdən çox şəxs ali təhsil müəssisələrinə qəbul olub. 

Digər pillələri də nəzərə alsaq və əvvəlki dövrlərlə müqayisə etsək kifayət qədər artım olduğunu görə bilərik”. 

Elə ixtisaslar var ki, keçid ballarının enməsi onlara şamil olunmur:

“Plan yerlərinin artması bəzi hallarda müəyyən ixtisaslar üzrə keçid ballarının aşağı enməsi ilə nəticələnir. Amma bu, bütün ixtisaslara şamil olunmur. Çünki elə ixtisaslar var ki, onların plan yeri artsa da, həmin ixtisaslar müəyyən universitetlər öz mövqeyini qoruyub saxlayır və nəticə etibarilə onlarda keçid balları aşağı enmir. Demək olar ki, olduğu kimi qalır və aşağı ensə də, çox cuzi olur. 

Amma bəzi tələbatlı ixtisaslarda bunu deyə bilmərik. Çünki tələbatlı ixtisaslarda keçid balları olduğu kimi qala bilər. Bəzən ola bilər ki, bu ixtisaslarda hətta bal artımı da gözləyə bilərik. Keçid ballarının enməsi və yaxud artması təkcə plan yerindən asılı deyil”. 

Burada imrahan verən abituriyentlərin göstəriciləri də əsas faktorlardan biridir:

“Təbii ki, abituriyentlər imtahanlarda daha uğurlu olarsa, o zaman ixtsaslar üzrə formalaşan keçid ballarında  nəinki enmə, artım da müşahidə edəcəyik. Ötənilki və ondan əvvəlki ilin nəticələri təkrarlanarsa,  müəyyən ixtisaslarda keçid ballarında enmə görə bilərik”. 

Seçilən
6
cebheinfo.az

1Mənbələr