AZ

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

Qahirə, 15 yanvar, AZƏRTAC

Misirin geniş oxucu kütləsinə malik “əl-Əxbar əl-Məsai” qəzetində Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Elxan Poluxovun 20 Yanvar faciəsinin 35-ci ildönümü haqqında məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 20-də baş vermis hadisələr, keçmiş sovet ordusu hissələrinin silahsız xalqa qarşı törətdiyi cinayətlər haqqında məlumat verilir. Müəllif yazır ki, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi nəticəsində 130-dan artıq insan qətlə yetirilib və 700-dən çox mülki şəxs yaralanıb.

Yaşanmış faciəyə baxmayaraq, bu gün Azərbaycanın ən şanlı səhifələrindən biri kimi tarixə düşüb. Bu hadisədən çox əvvəl başlayan azadlıq hərəkatı məhz həmin gün geriyə dönməz bir mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan müstəqilliyini vətənlərinin bir gün müstəqil olacağına inanaraq öz həyatlarını qurban verən insanların sayəsində əldə edib.

Məqalədə, həmçinin qeyd edilir ki, Sovet qoşunlarının Azərbaycan paytaxtına hücumundan bir gün sonra Ümummilli Lider Heydər Əliyev Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqının qəzəbini ifadə edib və Sovet rejiminə qarşı etirazını bildirib.

Diqqətə çatdırılıb ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, həmin tarix Ümumxalq Hüzn Günü elan olunub.

 

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
0
azertag.az

1Mənbələr