Bakı/09.07.23/Turan: Turan İnformasiya Agentliyinə Türkiyənin hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, gürcü mafiya lideri Revaz Lordkipanidze-nin (ləqəbi `Rezo Tiflis`) yanvarın 15-də Trabzonda qətlə yetirilməsiylə bağlı aparılan istintaq işi davam edir.
Hadisə ilə əlaqədar təhlükəsizlik qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin(Birinci Qarabağ savaşı) iştirakçısı olmuş iki nəfəri həbs etmişdir.Hal-hazırda Ankaradakı Sincan həbsxanasında saxlanılan şübhəli şəxslərin adları Nebo Xosrov oğlu Mustafayev və Reduan Andreyeviç Mustafayev-dir.
Qırğızıstan vətəndaşı olan şübhəli şəxslər “Planlaşdıraraq və qəsdən adam öldürmək” ittihamıyla üzbəüz qalsalar da irəli sürülən ittihamı rədd edərək Lordkipanidze-nin ölümünün gürcü mafiyasının öz arasındakı hesablaşmanın nəticəsi olduğunu bildirmişlər.
”Gürcü mafiyası lideri və ətrafındakı qrup Türkiyə düşmənçiliyi ilə tanınmışdır.Şübhəli şəxs kimi həbs edilən hər iki şəxs ittihamı rədd edərək Lordkipanidze-nin qətlinin nə planlaşdırılmasında nə də həyata keçirilməsində iştirak etdiklərini vurğulamışlar”- agentliyə məlumat verən şəxs bildirib.
İstintaq işinin payızda yekunlaşdırılaraq məhkəməyə göndərilməsi nəzərdə tutulub. İşlə bağlı gürcü mafiyasının digər üzvlərinin ifadələrinin alınması üçün beynəlxalq səviyyədə yazışmalar aparılır.--0--