AZ

"Minimum əmək haqqı artımı inflyasiyaya səbəb olmayacaq" – Elşad Məmmədov

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirmişdir ki, minimum əmək haqqının artırılması və Vahid Tarif Cədvəlinə uyğun olaraq əmək haqlarında müşahidə olunan artımlar hazırkı iqtisadi reallıqlar çərçivəsində qiymətlərin artmasına səbəb olmayacaq.

Professor qeyd edib ki, əmək haqlarının artırılması alıcılıq qabiliyyətini stimullaşdıraraq məhsul istehsalının artmasına töhfə verə bilər. Bu isə öz növbəsində bazarlarda məhsul bolluğu yaradaraq inflyasiya ilə mübarizədə effektiv bir mexanizm kimi çıxış edə bilər.

Elşad Məmmədov bildirib:

"Daha çox məhsulun istehsal edilməsi və bazara çıxarılması inflyasiya ilə mübarizədə çox təsirli üsuldur. Tələb inflyasiyasının mövcud olduğu ölkələrdə əmək haqlarının artımı inflyasiyaya səbəb ola bilər. Lakin Azərbaycanda inflyasiya təklif xarakterlidir, yəni məhsul və xidmətlərin yetərsizliyi ilə bağlıdır. Belə bir şəraitdə əmək haqlarının artırılması inflyasiyanı yüksəltmək əvəzinə əks təsir göstərir."

Bununla yanaşı, professor əlavə edib ki, əmək haqlarının artırılması ilə yanaşı, investisiyaların artırılması da vacibdir:

"Sosial ödənişlərin artırılması ilə yanaşı, daha çox məhsul istehsalına və bazarlarda yerli məhsul bolluğunun təmin edilməsinə çalışmaq lazımdır. Bu yanaşma həm əhalinin sosial rifahının yüksəlməsinə, həm də iqtisadi sabitliyə nail olmaq üçün mühüm addımdır."

Qeyd edək ki, son dövrlərdə dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarında artımlar həyata keçirilmişdir. Minimum əmək haqqı 400 manata çatdırılmış, bu isə 400 mindən çox vətəndaşı əhatə etmişdir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
8
qht.az

1Mənbələr