Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas xüsusiyyətləridir. Məhz bu kimi amillər nəticəsində 200 ölkənin yekdil qərarı ilə COP29-un ölkəmizdə keçirilməsinə qərar verilib. Azərbaycan hansı təşkilata üzv olur və ya sədrlik edirsə, həmin təşkilatın fəaliyyətinə mühüm töhfə verir. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dönəmində bu platformanın fəaliyyəti əhəmiyyətli dərəcədə artıb və demək olar ki, hərəkat ən uğurlu dönəmini yaşayıb.
Bunu açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.
Deputat xatırladıb ki, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilən tədbirdə 196 ölkədən 72 min nümayəndə iştirak edib. Onların arasında 80 prezident, vitse-prezident və Baş nazirlər olub:
“COP29-da qəbul edilən qərarlar ətraf mühitin qorunması baxımından beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 sədrliyi və səmərəli fəaliyyəti nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilən uğurlar gözləntiləri üstələdi. Paris Sazişinin 6-cı maddəsi üzrə on il davam edən müzakirələr yekunlaşdı və bu maddə məhz Bakıda razılaşdırıldı.
Mühüm qərarlar arasında hər il inkişaf etməkdə olan dövlətlərə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan, yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusilə vacibdir. Bu sıraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfdən üç dəfə çox olan 300 milyard ABŞ dolları həcmində yeni maliyyə hədəfi də daxildir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynamaqla yanaşı, az inkişaf etmiş, habelə kiçik ada və yeni müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərin dünyada səsinin eşidilməsinə əhəmiyyətli töhfə verib:
“COP29 çərçivəsində də həmin ölkələrdə ekologiya sahəsində mövcud olan problemlər, Fransa kimi dövlətlərin həyata keçirdiyi yeni müstəmləkəçilik siyasətininin bu dövlətlərin nəinki iqtisadiyyatı, eyni zamanda ekologiyasına mənfi təsir göstərməsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. “Bakı dönüşü” kimi tarixə düşəcək COP-29-da qəbul olunan qərarlar gələcəkdə qlobal iqlim dəyişmələri ilə bağlı planların gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayacaq deyə qeyd edib.