AZ

Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza təyin etdi

Rusiya Federasiyasının İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra hava hücumundan müdafiə komandanlığı, hava hərəkətinin təşkili sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.

 

“Dispetçer xidmətlərinin vəzifəli şəxslərinin hərəkətlərinin, hava hərəkətinin təşkili sisteminin və hava hücumundan müdafiənin qiymətləndirilməsi üçün kompleks komissiya təşkilati-texniki, məhkəmə-tibbi ekspertizası təyin edilib”, - deyə məlumatda deyilir.

 

İstintaq Komitəsində qeyd edilib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir. İşi Rusiya Federasiyası İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi araşdırır.

 

“İstintaq tərəfindən Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə yaradılıb. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə qarşılıqlı əlaqədə Braziliya Aviasiya qəzalarının araşdırılması və qarşısının alınması Mərkəzində təyyarənin registratorlarından alınan məlumatlar araşdırılır”, - deyə məlumatda vurğulanır.

 

Ekipajın Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə danışıqları da təhlil edilir. Təyyarənin vəziyyəti və cinayət işində olan digər maddi sübutlar tədqiq edilir.

 

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
2
2
senzor.az

4Mənbələr