AZ

Lerik sakinindən Kəmaləddin Heydərova müraciət: "15 ildir ki, ölümlə üz-üzəyik"

Lerik Bülüdül kənd sakini Cəmilə Şahbazova fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib. 
 
15 beş ildir ki, 6 ailə üzvü ilə qəzalı evdə yaşayan vətəndaş "qlobal.az" saytına göndərdiyi məktubunda yazır:
 
"Cənab nazir, 2010-cu ildə Lerik rayonunda zəlzələ baş verdi. Zəlzələ nəticəsində yaşadığımız ev qəzalı vəziyyətə düşdü. Biz maddi vəziyyəti minimal olan bir ailəyik. Kasıblıqla yaşayırıq. Zəlzələdən sonra yaranan acınacaqlı vəziyyətlə bağlı rayon icra hakimiyyətinə müraciət etdik. Lerik Rayon İcra Hakimiyyətindən bizə bildirdilər ki, rayonda qəzalı vəziyyətə düşən evlərin bərpası üçün büdcə olmadığından şikayətimiz aidiyyatı olaraq Fövqaladə Hallar Nazirliyinə göndərilir. Bu illər ərzində yerli qurumlardan - rayon icra hakimiyyətindən - FHN-dən dəfələrlə gəlib evimizə baxış keçirsələr də, problemin aradan qaldırılması istiqamətində heç bir addım atılmayıb".
 
"Biz ölümlə üz-üzəyik"
 
15 il ərzində yüzlərlə aidiyyatı qurumlara şikayət məktubu ünvanlayan Cəmilə Şahbazova qəzalı evdə yaşadıqları üçün hər an ölümlə üz-üzə qaldıqlarını deyir. 

Vətəndaş şikayət məktubunda qəzalı vəziyyət düşən evlərinə mütəxxəsislərin baxış keçirdiyi və rəsmi olaraq kompensasiya hesablandığını vurğulayır: "Bu 15 ildə dövlət qurumlarına, başqa FHN olmaqla yüzlərlə şikayət məktubu ünvanlamışıq. 2013-cü ildə FHN-ə ünvanladığımız məktuba FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov belə cavab verib: "Yaşayış evinin qəzalı vəziyyət düşməsi barədə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərdiyiniz məktuba baxılmışdır. Bildiririk ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərdövlətlayihə" İnstitutunun mütəxxisləri tərəfindən yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə Lerik rayonu ərazisində müxtəlif vaxtlarda baş vermiş təbii fəlakətlər nəticəsində ziyan dəymiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında sizə kompensasiya hesablanmışdır. Bu məqsəd üçün vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq".
 
"15 il ərzində büdcədən vəsait niyə ayrılmır?"
 
Şahbazova şikayət məktubunda yazır ki, FHN-nin müvafiq idarəsinin onun qəzalı evinə kompensasiya hesablamasından 15 il keçsə də, hələ də problem qalmaqdadır:

"Qəzalı şəraitə düşən evimizə FHN-nin nümayəndələrinin baxış keçirməsindən və kompensasiya hesablayıb akt tərtib etməsindən 15 il keçir. Lakin bu vaxtadək heç bir iş görülməyib. Evimin divarlarındakı çatlar hər gün daha da genişlənir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov 2018-ci ildə nazirliyə ünvanladığımız suala belə bir məktubla cavab verib: "Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərdövlətlayihə" İnstitutunun "Azərdövlətlayihə" İnstitutunun mütəxxisləri tərəfindən yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə Lerik rayonu ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə texniki baxış keçirmiş və müvafiq akt tərtib etmişlər. Həmin akt əsasında sizin fərdi sizin fərdi yaşayış eviniz qəzalı evlər siyahısına əlavə edilmişdir. Bu məqsəd üçün vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq".
 
"Gərək evimiz uçsun, altında qalıb ölək ki, vəsait ayırasınız?"
 
Fövqaladə hallar nazirinə ünvanladığı məktubda Şahbazova FHN-nə məktub ünvanlamaqdan bezdiklərini yazır: "Sözün əsl mənasında FHN-nə bu 15 il ərzində şikayət məktubu ünvanlamaqdan bezmişik. Bu illər ərzində kasıblıq bir yandan, hər an evimizin uça biləcəyinə görə həyacan yaşamağımız, gecələri ölüm qorxusu ilə yuxuya getməyimiz bizi qocaltdı. Vallah, artıq bezmişik. 15 il ölüm qorxusu ilə yaşamaq olar, cənab nazir? Evimizə 5 manat pul girən kimi əynimizə paltar almayıb, ağrıyan canımıza dərman almayıb, qarnımıza yemək almayıb FHN-nə məktub yazıb poçta ödəyirik. O ümidlə ki, bəlkə, bu dəfə məktubumuza baxarlar. Bəlkə, bu dəfə kiminsə vicdanı oyanar. Bizə rəhmləri gələr. Dövlətin büdcəsindən hər il ayrılan milyardlarla vəsaitdən bizim də daxmamızın təmirinə vəsait ayırarlar. 2024-cü ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayeva ünvanladığımız çoxsaylı məktuba cavab məktubunda yazır: "Eviniz qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar müvafiq tədbir görüləcək".
 
Şikayətçi sonra qeyd edir: "15 il ərzində, doğrudanmı, bizim daxmamızın təmirinə Fövqaladə Hallar Nazirliyi vəsait tapa bilməyib? Dövlətimiz Allaha şükür qüdrətlidir. Bəs bu ayrı-seçkilik nədir? Niyə 15 il ərzində bizim qəzalı evə vəsait ayrılmır? Niyə bu illər ərzində bizim ölüm qorxumuzu FHN-də hiss edən olmayıb? Məgər Sizin nazirliyin işçiləri insanı duyğulara hakim deyillər? Biz bu 15 ildə körpələrimizlə hər gecə yatanda kəlimeyi-şəhadət oxuyub yatırıq ki, bəlkə, sabaha sağ çıxmadıq. Amm hələ də dövlətimizdən ümidimizi kəsməmişik. İnanırıq ki, 15 ildən sonra da olsa, bizim qəzalı evimizə vəsait ayrılacaq. Bundan sonra heç olmasa gecələri evimizin hər an uça biləcəyi qorxusu ilə yaşamayacağıq".







Seçilən
17
arqument.az

1Mənbələr