AZ

İran ABŞ-nin Ermənistana, düz qulağının dibinə gəlməsinə səsini çıxarmır - RƏY

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın İrəvan səfərində Zəngəzur dəhlizi əsas müzakirə mövzusu olub. Bu barədə erməni mediasına açıqlama verən politoloq Emma Beqicanyan deyib ki, Zəngəzur dəhlizi məsələsi İran rəsmisinin İrəvandakı görüşlərinin ən mühüm mövzusu olub. Buna dair  əminliyini ifadə edən erməni politoloq qeyd edib ki, iranlılar daim bu məsələ üzərindən təhdidlər edirlər:

 “Bu, İranın gündəmindəki ən mühüm məsələlərdən biridir. Təsadüfi deyil ki, İranın siyasi gündəmində istər müxalifət, istərsə də hökumət - hər kəs diqqətini dəhlizə yönəltməyə meyillidir”. 
Tehranın təhdid və qorxularına gəlincə, Beqicanyan qeyd edib ki, İran Türkiyə və Azərbaycanın dəhlizi işə salmaq üçün atacaqları mümkün addımlardan çəkinir.
Beqicanyan vurğulayıb ki, İran dəhlizin qarşısını almaq üçün Ermənistanla hərbi əməkdaşlığa hazırdır: “Ermənistan İranla əməkdaşlıq etməlidir. Çünki hər iki ölkənin maraqları üst-üstə düşür. Deməli, istəsək, belə ola bilər. İran əməkdaşlığa 100 faiz hazır olduğunu bəyan edib”. Analitik Ermənistan rəhbərliyinin İranla bu sahədə əməkdaşlıq etmək istəmədiyini söyləyib. Əhmədian hətta Avropa Missiyasının vaxtı bitdikdən sonra Ermənistana İran qoşunlarının Ermənistan ərazisinə yeridilməsi imkanı ilə bağlı hərbi müqavilə imzalamağı təklif edib.
Xatırladaq ki, İran Milli Təhlükəsizlik Şurasının katibi yanvarın 9-da İrəvana səfər edib. Bundan əvvəl o, Bakıda olub.

İranla Ermənistan arasındakı hərbi əməkdaşlıq ehtimalını şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan artıq ABŞ ilə öz ərazisində müvafiq qüvvələrin mövcudluğu barədə razılaşıb:

 “Deməli, İran artıq gecikib, lakin məsələnin görünməyən tərəflərini, yönlərini nəzərə alsaq görərik ki, hazırda ABŞ-nin Ermənistanda İranla sərhəddə mövcudluğuna İranın ciddi etirazı yoxdur. Demək, İran üçün fərq etmir, orada öz qoşunu olsun, İsrail, ABŞ əsgəri olsun, yetər ki, Azərbaycanla arada maneə olsun. İranın ideoloji dövlət prinsipi Türkiyə və Azərbaycana davamlı mane olmaqdır. Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında əlaqələri daha da inkişaf etdirə bilər. İranın əsas məqsədi Azərbaycan və Türkiyəyə qarşı mövqe tutan istənilən dövlətin tələblərinə razı olmaq, İslam dünyasına qarşı mümkün təzyiq vasitələrindən istifadə etməkdir. Zəngəzur dəhlizi türk dövlətləri arasında körpü rolunu oynayan və inkişafına aparan, birliklərini daha da möhkəmlədən vasitə ola bilər”. 
T.İrfanın sözlərinə görə, İran alt qatda Qərbin və ABŞ-nin planlarına xidmət etməklə yanaşı, düşmən gördüyü ölkələrə qarşı onların planları ilə həmrəylik göstərərək siyasət aparır: “İranın əsl düşmən və hədəf seçdiyi ABŞ və İsrail deyil. Onlar formal düşməndirlər. İranın özünə əsas düşmən hesab etdiyi türk  və müsəlman ölkələridir. Fars rejimi heç də təsadüfi deyil ki, dünyada müsəlmanlara qarşı mövqe tutan bütün güclərlə müttəfiqdir. Pakistana qarşı Hindistanla, Uyğur türklərinə qarşı Çinlə, Suriya müsəlmanlarına qarşı vaxtilə Əsəd və Rusiya ilə, Türkiyəyə qarşı PKK ilə, Azərbaycana qarşı Ermənistan ilə ittifaqdadır. Belə olduğu halda bu maraqlar da çox zaman ABŞ-nin planlarına xidmət etməklə ayaqda qalır. Türkiyəyə və Azərbaycana qarşı olaraq Zəngəzur dəhlizinə imkan verməyən İran ABŞ-nin Ermənistana, düz qulağının dibinə gəlməsinə etiraz etmir ona görə ki, ABŞ-nin maraqlarına xidmət edir. İran qoşunlarının Ermənistana daxil olması barədə də ABŞ, İran və Ermənistan üçlü formatda razılığa gələ bilərlər, lakin buna artıq ehtiyac qalmır. İran rejiminin formal düşməni artıq İranın narahatlığını aradan qaldırıb özü "təşrif buyurub" Ermənistana”.

Seçilən
18
sherg.az

1Mənbələr