AZ

Tədqiqatçılar depressiya ilə əlaqəli 300-dən çox yeni genetik risk faktoru aşkar ediblər - ARAŞDIRMA

Bakı, 16 yanvar, AZƏRTAC

London Kral Kolleci və Edinburq Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırma nəticəsində depressiya ilə əlaqəli 300-dən çox yeni genetik risk faktoru müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri dünyanın müxtəlif ölkələrindən olan milyonlarla insanın genetik məlumatlarını analiz etməklə əldə olunaraq “Cell” jurnalında dərc edilib.

Araşdırmada 29 ölkədən 5 milyondan çox insanın genetik məlumatları təhlil edilib. Bu məlumatlar əsasında depressiya riskini artıran 308 yeni gen və daha əvvəl bu xəstəliklə əlaqəsi olmayan təxminən 700 variasiya aşkarlanıb. Variasiyaların təxminən yarısının depressiya ilə sıx əlaqəli olduğu müəyyən edilib. Tədqiqatçılar qeyd ediblər ki, hər bir genetik risk faktorunun depressiyaya təsiri nisbətən kiçikdir. Lakin eyni anda bir neçə genetik risk faktoru daşıyan fərdlərdə depressiyanın inkişaf ehtimalı əhəmiyyətli dərəcədə arta bilər.

Araşdırmanın əsas müəlliflərindən biri, professor Endryu Makintoş vurğulayıb: “Daha genişmiqyaslı və qlobal miqyasda təmsil olunan tədqiqatlar depressiyanın effektiv müalicə və profilaktikası üçün mühüm əhəmiyyət daşıyır. Bu kimi tədqiqatlar gələcəkdə yeni terapiya üsullarının inkişaf etdirilməsinə şərait yaradacaq”.

Tədqiqat depressiyanın həm psixoloji, həm də genetik faktorlarla əlaqəli olduğuna dair elmi anlayışı daha da genişləndirir və bu sahədə yeni perspektivlər açır.

Seçilən
3
azertag.az

1Mənbələr