AZ

İran qoşunlarını Zəngəzura göndərə bilər - Bakı nə edəcək?

Rus və erməni analitiklərə görə, Tehran Meğri bölgəsinin Azərbaycan tərəfindən tutula biləcəyindən şübhələnir; siyasi partiyalardan bu proqnozlara fərqli baxış...

“Əhmədian İran qoşunlarının Ermənistan ərazisinə yerləşdirilməsi imkanı ilə bağlı müavilə bağlamağı təklif edib”. “Yeni Müsavat” yazır ki, bu iddia ilə rus politoloq Stanislav Tarasov “Svobodnaya pressa” qəzetindəki məqaləsində çıxış edib. 

O bildirib ki, Yaxın Şərqdəki böyük böhranın sunami dalğaları Cənubi Qafqaza da çatmağa başlayıb. Tarasov deyir ki, İran Ermənistanın Meğri bölgəsinin Azərbaycan tərəfindən tutula biləcəyindən şübhələnir. “Tehranın Bakıya çəkindirici təsir göstərmək imkanları daha böyükdür. Yalnız ona görə ki, Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub qlobal geoiqtisadi layihəsinin iştirakçısıdır və Qafqazda geosiyasi sabitlikdə maraqlıdır”. O vurğulayıb ki, Ermənistan başqa məsələdir. “Əhmədian İrəvana səfəri zamanı Ermənistana Avropa İttifaqının sərhəd rayonlardakı müşahidə missiyasından imtina etməyi təklif edib”. Tarasov qeyd edib ki,o, İran qoşunlarını Ermənistana gətirmək barədə təklifini fərqli əsaslandırmağa çalışıb. “Onu belə əsaslandırıblar ki, bu, xarici hərbi qüvvələrin Ermənistanda olması hesab edilməyəcək və yalnız vəziyyəti sabitləşdirəcək”. 

“İranın Ali Milli Təhlükəsizlik Şurası katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana səfəri böyük əhəmiyyət kəsb edir. Həmin səfərlər həm regional vəziyyətin qiymətləndirilməsi, həm də İranın maraqları kontekstində nəzərdən keçirilməlidir”. Bu sözləri isə erməni hərbi ekspert Vitali Manqasaryan Əhmədianın 8-9 yanvarda Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib. “Düşünürəm ki, İran Azərbaycanın Ermənistana qarşı niyyətlərini, eləcə də hərbi imkanlarının və planlarının təfərrüatını mümkün qədər yaxşı anlamağa çalışır. İran Ermənistanın təhlükəsizlik problemləri və regional təhlükəsizlik sisteminə təsir göstərə biləcək mümkün hərbi razılaşmalarda da maraqlıdır və erməni tərəfinin işləmək üçün geniş meydanı var”, - o bildirib. Manqasaryanın fikrincə, İran Azərbaycanın təzyiqi ilə Ermənistanın Zəngəzur dəhlizi məsələsində fikrinin dəyişib-dəyişmədiyini də müəyyənləşdirməyə çalışır. Erməni türkoloq Varujan Geqamyan erməni mediasına müsahibəsində deyib ki, Azərbaycanın Zəngəzur “iştahını” cilovlamaq üçün İranla təlim keçirməliyik. 

Bütün bu deyilənləri nəzərə alaraq, İran hərbi kontingenti Zəngəzura daxil ola bilərmi? Bölgədə yeni eskalasiya gözlənilirmi? “Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubu Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi illik mətbuat konfransında bildirib. “Bəyan edirlər ki, AB missiyası Ermənistanın Sünik (Zəngəzur) bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil. Məhz buna görə də 3+3 Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır", - Lavrov vurğulayıb.  

Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün 100 milyonlarla vəsait qoyub. Dəhlizin açılmasına əminlik olmasaydı, o vəsaiti yatırmazdıq. Artıq dəmir yolu xətləri sərhədə çatmaq üzrədir. Avtomobil yolları tamamilə yenidən qurulur. Yeni körpülər, yeni tunellər, keçid məntəqələri Ağbəndə qədər tikilib. Nəticə etibarı ilə Ermənistanla Rusiya bu məsələdə anlaşa bilmir. Ermənistanın təklifi bütün kommunikasiya xətlərinin açılmasıdır. Bu da Azərbaycan üçün ziyanlı deyil. Biz onsuz da bunun əleyhinə olmamışıq. Problem odur ki, Zəngəzurla paralel olan kommunikasiya xətlərinin sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunmadan açılması mümkün deyil. Hazırda 410 km-dən çox şərti sərhəd xətti yaranıb. Ermənistan tərəfi nə qədər tez Azərbaycanın haqlı tələbləri ilə razılaşsa, bu, bir o qədər tez başa gələr, digər kommunikasiya xətləri açılar.

Samir

 Samir Əsədli 

“Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli İranın Zəngəzura qoşun yeritmək niyyətini istisna etmədi. Lakin VHP sədrinin müavini hazırkı şəraitdə bunun regional müharibəyə səbəb olacağını qeyd etdi: “Rusiya İranın bu addımına qətiyyən razı olmaz. Ermənistan bəhanə gətirə bilər ki, guya təhlükəsizlik səbəbindən İran hərbi qüvvələri bölgəyə dəvətlə yerləşib. Amma buna bir də Qərbin reaksiyasının nə olacağını düşünək. Özü də ABŞ-la yeni xartiyanın imzalandığı vaxtda Ermənistan İran qoşunlarını çağırmağa cürət etməz. Əksinə, Vaşinqtonda imzalanan son saziş Tehran-İran gərginliyinə səbəb olacaq. Çünki İrana sanksiya tətbiq edən dövlətin sərhəd mühafizəsi üzrə qrup Ermənistana yerləşəcək. Dünənə qədər Ermənistanı bağrına basıb qucaqlayan İran rejiminin indi qardaşının bu hərəkətlərinə qiymət verməsini gözləyirik”. 

S.Əsədli əlavə etdi ki, Zəngəzur dəhlizinin açılmasından ən çox təşviş keçirən İrandır: “Qalan tərəflər isə koridorun işə düşməsində maraqlıdırlar. Sadəcə, kimin nəzarətində olacağı mübahisəsi gedir. Qərb Rusiya və İranı bu marşrutdan kənarda saxlamağa can atır. Mirzoyanın Blinkenlə imzaladığı sənəd də Zəngəzur dəhlizinin açılmasına əngəl ola bilər. Ancaq əsəb müharibəsinin sonunda İran qoşunlarının Zəngəzura daxil olacağını gözləmirəm. Ümumiyyətlə, Ermənistan ağlını başına yığmalı və bilməlidir ki, dəhliz dinc yolla açılmalıdır. Azərbaycana gəldikdə isə biz dəhlizin güc tətbiq edərək açmaq fikrində olmamışıq, bu gün də aparılan propoqanda əleyhimizə yönəlib”. 

Mühacirlərə

 Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev İran qoşunlarının Zəngəzura girməsi haqda proqnozları blef adlandırdı. Onun fikrincə, Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişindən sonra İran ordusunun bu ərazilərə yerləşməsi mümkün deyil, ABŞ Ermənistanın Tehrana bu imkanı yaratmasına icazə verməz: “Bütövlükdə isə Paşinyan hakimiyyəti böyük oyunların içərisindədir və başının möhkəm əzilməsi gözlənilir. Onun Qərblə Rusiya arasında etdiyi avantürüst hərəkətlər, "iki stul" siyasəti bir gün bərk cəzalanması ilə nəticələnəcək. Bizi isə maraqlandıran odur ki, Naxçıvana quru yolun açılması təmin edilsin. Ermənistan da bu minvalla Azərbaycan üzərindən Rusiyaya dəmiryol xətti əldə edəcək. Bölgənin inkişafında region ölkələri ilə birgə addım atılmalıdır. ABŞ və Avropa Birliyinin müdaxiləsi isə yalnız gərginlik, eskalasiya riskləri yaradır". E.Mehdiyevin sözlərinə görə, 2025-ci il heç də asan keçməyəcək, region uğrunda gedən rəqabət sərtləşəcək: “Biz buna hazır olmalıyıq. Bölgəni qarışdırmaq istəyən qüvvələr var. Azərbaycan isə Ermənistana başa salır ki, yeni müharibə onun ordusunun növbəti dəfə darmadağın olması deməkdir. Ona görə gah amerikalıları, gah avropalıları bölgəyə dəvət etmək, gah da Rusiya və İran arasında manipulyasiya ona baha başa gələcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Seçilən
0
1
musavat.com

5Mənbələr