AZ

Ermənistanın ikili siyasəti ziddiyyətlər yaradır » AzadMedia.az




Məşhur Məmmədov,
Millət vəkili

Ermənistanın ikili xarici siyasət kursu, regional sabitliyin təmin edilməsinə maneələr yaradan əsas amillərdən biridir. Əvvəllər Rusiyanı özünə himayədar seçən Ermənistan hazırda Qərb ölkələri, xüsusilə Avropa İttifaqı və ABŞ ilə sıx əməkdaşlıq etməyə can atır. Bu dəyişkən strategiya tez-tez ziddiyyətli mövqelərin yaranmasına və tərəfdaş ölkələr arasında etimadsızlıq mühitinin formalaşmasına səbəb olur.
Ermənistanın Qərbə yaxınlaşma cəhdləri Rusiyanın maraqları ilə toqquşur. Bu, Rusiyanın Ermənistana qarşı təzyiq vasitələrindən istifadə etməsinə gətirib çıxaracaq.
Ermənistanın ikili siyasəti, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasına maneə törədir. Sərhədlərin açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri bu səbəbdən risk altına düşür.
Bu yanaşma, Cənubi Qafqazda davamlı sülhün və iqtisadi inkişafın təmin edilməsini çətinləşdirir. Bu, xüsusilə regional inteqrasiya və sərhədlərin açılması kimi strateji məsələlərdə əks təsirlər doğurur. Ermənistanın həm Qərb, həm də Rusiya ilə eyni anda balanslı siyasət aparmağa çalışması, bu ölkələrin maraqları arasında ziddiyyətlər yaratmaqla yanaşı, qonşu dövlətlərlə inamlı əməkdaşlığın qurulmasını da ləngidir.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün konkret addımlar atılmasına ehtiyac var. Lakin Ermənistanın ziddiyyətli xarici siyasəti, Ankaranın təhlükəsizlik və regional əməkdaşlıqla bağlı tələblərinin cavabsız qalmasına səbəb olur.
Azərbaycanla davamlı dialoqun olmaması, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsini çətinləşdirir.
Amma bu ikili oyunların nəticəsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq. Ölkə başçısı bunu bütün çıxışlarında deyir ki, ermənilər və ağaları unutmasın.
İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir.
Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Biz, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Bu, yeni təhlükə yarada bilər. Bu gün Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək.
Biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli rəqəm ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Cənab Prezident çıxışlarında qeyd edir ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir.
Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Əgər hər hansı bir ölkə tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və ölkə rəhbərinin qətiyyəti ilə Azərbaycan üçtərəfli görüşə razılıq vermədi.
Havadarıarı nəzərə almalıdırlar ki, Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur.
Post müharibə dövründə Ermənistan iqtisadi blokadalardan çıxmaq üçün Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasına ciddi ehtiyac duyur. Lakin ikili siyasət, bu ölkələrin regionda sabitliyə dair gözləntiləri ilə üst-üstə düşmədiyindən, iqtisadi əməkdaşlıq perspektivlərini təhlükə altına alır.
Regional nəqliyyat və enerji layihələrində iştirak edə bilməməsi, Ermənistanın iqtisadi inkişaf imkanlarını məhdudlaşdırır.
İkili siyasət Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün lazımi mühitin yaranmasına mane olur. Ermənistanın qeyri-konstruktiv yanaşmaları, sülh sazişlərinin imzalanması və həyata keçirilməsi prosesini ləngidir.
Bu yanaşma, Ermənistanın regionda təcrid vəziyyətindən çıxmasını gecikdirir.
Ermənistanın ardıcıl və konstruktiv xarici siyasətə keçidi, həm özünün, həm də regionun maraqlarına xidmət edə bilər. İkitərəfli münasibətlərin inkişafı, nəinki regional sabitliyə, həm də Ermənistanın iqtisadi və siyasi maraqlarına töhfə verə bilər. Bu səbəbdən, Ermənistanın xarici siyasətində praqmatizmə üstünlük verməsi və qonşuları ilə mehriban qonşuluq münasibətləri qurması mütləqdir.
Ermənistanın qeyri-müəyyən xarici siyasəti nəinki Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini ləngidir. Xüsusilə Qarabağ məsələsində Ermənistanın qeyri-sabit mövqeyi vəziyyətin gərgin qalmasına səbəb olur.
Ermənistanın bu siyasəti, Cənubi Qafqaz regionunda iqtisadi inteqrasiya proseslərini zəiflədir, nəqliyyat layihələrinin reallaşdırılmasını çətinləşdirir və beynəlxalq sərmayədarların maraqlarını azaldır. Həmçinin, bu yanaşma regional aktorlar arasında etimadın azalmasına səbəb olur, bu da sabitliyin təmin edilməsinə ciddi maneədir.

Ermənistanın regional sabitliyə töhfə verməsi üçün daha ardıcıl və proqnozlaşdırıla bilən xarici siyasət yürütməsi vacibdir. Bunun üçün ölkənin davamlı əməkdaşlıq modelinə yönəlməsi zəruridir.
Seçilən
2
1
azadmedia.az

2Mənbələr