AZ

Məzhəblərdə hədislər necə yaranıb? - Tural İrfan yazır

Məzhəblərin hədis anlayışı
Məlumdur ki, Peyğəmbərin sağlığında onun buyurduqları yazılmayıb. Raşidi xəlifələr zamanında da hədis yazmaq olmayıb. Ehtiyyat ediblər ki, Quranla qarışar. Həm də elə o çağdan bəziləri uydurma hədislər nəql edirdilər. Hətta xəlifə Ömər bin Xəttab bəzi səhabələri və şəxsləri buna görə cəzalandırmışdı. Əbu Hüreyrə və Kəbul Əhbar bunlardan idi.
Təqribən Peyğəmbərin vəfatından 80 il sonra ilk hədis topluları olan "Müsnəd" və "Muvatta" yazıldı. Birincisi Haşimilərdən İmam Zeydin şagirdi tərəfindən, ikincisi də İmam Malik bin Ənəs tərəfindən. Lakin əsas böyük toplular Peyğəmbərin vəfatından 250-300 il sonra yazılmağa başladı, özü də əsasən fars müəlliflər tərəfindən. Topladıqları hədisləri məzhəb inancına görə yazdılar. Müəllif sünni idisə hədisi öyrəndiyi adam şiə olsaydı onun hədisini rədd edirdi. Yaxud müəllif şiə idisə ona hədis danışan adam sünni olsaydı onun hədisini rədd edirdi. Habelə söylənən hədis sünni etiqadına uyğun deyildisə sünni müəllif onu kitabına salmırdı. Yaxud şiə etiqadına zidd idisə şiə müəllif onu kitabına salmırdı. Məsələn, Əhməd bin Hənbəl etiraf edir ki, Peyğəmbərdən İmam Əli haqda mənə elə mötəbər hədislər çatdı ki, onu kitaba salmadım. Əgər salsaydım hamı dönüb rafizi olardı.
Yəni, ravi silsiləsinə baxarkən onun ədalət və doğruçu olması əqidəsinə görə müəyyənləşirdi, başqa insani keyfiyyətinə görə deyil. Məsələn, hədis yazan müəlliflər bəzən etibarlı bir mətni nəql edərkən onun ravisi haqda əqidəsinə görə müsbət rəydə olmurlar. Yazırlar ki, filankəs bu hədisi nəql edib, lakin əqidəcə nasibi yaxud rafizidir, ona görə onun sözünü səhih qəbul etmək olmaz. Şiələr sünni raviləri "nasibilik"də (Əhli Beyt düşməni), sünnilər də şiə raviləri "rafizilik"də (dindən ayrılmış) ittiham edirdilər.
Ona görə də bu günə gəlib çatmış hədis kitabları İslam üzrə yazılmayıb, məzhəb üzrə yazılıb. Xüsusən də o mənbələrdə olan hədislərin böyük əksəriyyəti Qurana ziddir. Mövcud olan bütün ixtilaf və ziddiyyətlərin kökü həmin kitablardakı saxta hədislərdir. Əhli sünnənin Qurandan sonra mötəbər qəbul edib məzhəbi onun üstündə bərqərar etdiyi "Kutubi sittə"də (6 kitab), həmçinin İmamiyyə şiəsinin Qurandan sonra ən mötəbər hesab edib məzhəbi onun əsasında bərqərar etdiyi "Kutubi ərbəə" (4 kitab) Peyğəmbərdən ən azı 250 il sonra yazılıb və rəvayətlərin böyük əksəriyyəti saxta yaxud şübhəlidir, Qurana ziddir, ağla da tam ziddir. Bu kitabların hamısının da müəllifləri farsdır. Hər iki tərəfin kitabında Peyğəmbər adına bir - birinə zidd, əks olan sözlər, rəvayətlər yazılıb. Hər iki tərəf də özünün qəbul etdiyini həqiqi sayır. Bax, sünni - şiə ixtilafının özəyi, əsl səbəbi məhz bu kitablardır. Əgər bu fars müəlliflərin həmin 10 kitabı və o əsərlərin təsirindən yazılmış sonrakı eyni məzmunlu kitablar kənara qoyulsa İslamda sünni - şiə ixtilafı əsla olmazdı. Olsa da cüzi, elmi, fiqhi fərqli yanaşmalardan ibarət olardı ki, bu da təbiidir. Şüubiyyə farsların İslamı parçalamaq planı əsasında, bu təsirə yazılan həmin əsərləri İslam dininin altına qoyulmuş bomba hesab etmək olardı ki, zaman keçdikcə parlayıb bu gün müsəlmanları pərən - pərən edib.
Məsələ burasındadır ki, farsların daha sonra yazdığı bu uydurma kitablardan əvvəl Peyğəmbər dövrünə daha yaxın və Mədinədə yaşamış, özləri də tanınmış alimlər olan iki müəllifin ən ilkin hədis qaynağı gözardı edilib. İmam Zeydin Müsnəd əsəri və İmam Malikin Muvatta əsəri. Çünki bu kitablarda təfriqəyə, fitnəyə, ixtilafa əsas verən bircə hədis belə yoxdur. Yalnız İslam əqidəsindən, şəriət hökmlərindən, əxlaq dəyərlərindən bəhs edilən hədislərdir. Müəllifləri fars olmadığı üçün bu kitablar İslam aləmində məşhur olmadı. Yalnız Buxari, Müslim, Kuleyni, Tusi kimi farsların yazdığı fitnə məxəzləri, fəsad müəssisələri məşhur oldu. Birinciləri Səlcuqluların fars vəziri Nizamülmülkün baş ideoloqu fars Qəzzali tərəfindən, ikinci də yenə də Səfəvilərin fars ideoloqları tərəfindən əsas mənbələr olaraq yeridildi. Lakin İmam Əlinin nəvəsi Zeydin hədis kitabı qəbul edilmədi. Çünki orada düşmənçilik, ixtilaf, fəsad yox idi, o kitabı məzhəb ixtilafı üçün mənbə kimi istifadə etmək olmazdı. Həmçinin Malikin əsərində tarixi ixtilaflı rəvayətlər, əxlaqa zidd nəqllər, Peyğəmbər adına yaraşmayan hədislər yox idi. Ona görə onu əsas səhih mənbə kimi məşhur 6 kitaba qatmadılar.
Nə etməliyik?
Əlimizə çatan bütün hədisləri Quranla tutmuşdurmalıyıq. Bunun üçün əvvəlcə Quranın ümumi məntiqini tutmaq lazımdır, sadəcə oxumaq kifayət etmir. Yəni, kitabın, əsərin vahid süjet xəttini qavramaq, əsas meyarı müəyyən etmək lazımdır. Sonra bütün hədisləri kimin nəql etməsindən asılı olmayaraq həmin mizanla ölçmək lazımdır. Əgər uyğundursa qəbul et, ziddirsə kənara qoy. Ancaq indikilərin tərəzisi məzhəb mizanıdır. Əgər Qurana zidd, lakin öz məzhəbinin mövqeyinə uyğundursa o hədisi Vazgen də nəql etmiş olsa qəbul edir. Amma Qurana və ağıla uyğun olanı özündən bilmədiyi biri nəql edibsə onu atır, hətta onu yazanı söyür də...
Bu, din deyil.
Əhli sünnətə görə yalnız Peyğəmbərin sözləri hədis hökmündədir və şəriət hökmlərində yalnız o söz və feilləri dəlil götürmək olar. Ancaq Cəfəri şiəliyinə görə 14 məsum adlanan Əhli Beytin söz və hərəkətləri də hədis hökmündədir və şəriət hökmü onun əsasında verilə bilər. Zeydi və İsmaili şiəliyində bir qədər fərqlidir.
300 il hətta 1000 il Peyğəmbərin vəfatından sonra fars müəlliflər çoxsaylı hədis topluları yazıblar ki, məzhəbçilik ideologiyasını hədislərə daxil edib Peyğəmbər adından nəql ediblər. Yəni, İslam aləmində əbədi bir fitnə, nifaq, ixtilaf odu qalayıblar. İndi bütün məzhəbçilər həmin müəlliflərə ikinci peyğəmbər kimi inanırlar, onların yazdıqlarını qəbul edirlər, hətta Qurana zidd olsa belə. Uydurma hədisi atmamaq üçün Quran ayələrini yozub həmin sözlərə uyğunlaşdırırlar.
Fəqət ravinin, kitab müəllifinin kimliyini, hansı məzhəbdən olmasını kənara qoyub ümumi götürsək əsl doğru olan budur ki, o sözləri Quran və ağılla ölçək. Çünki əsrlər öncə yaşamış şəxslərin hansının mütləq düz danışan, hansının adalətsiz, yalançı olduğunu müəyyən etmək çətindir. Çünki onların həyatı haqda yazılan tarix kitablarının da çoxunu hədis müəllifləri kimi məzhəbçi tarixçilər yazıb. Eyni zamanda öz dövründəki Əməvi, Abbasi kimi hakimiyyətlərin təsiri altında yazılıb. Ona görə də məzhəbçilər müəllifləri məzhəbi baxımdan saf-çürük ediblər ki, bu da ən ədalətsiz və qeyri dəqiq üsuldur. Məzhəblərin qəbul etdiyi Üsul və Rical elmi raviləri və müəllifləri məzhəb təəssübkeşliyinə və əqidə mənsubiyyinə görə xarakterizə edir nəinki obyektiv şəxsiyyətinə, savadına, elminə görə.
Odur ki, hədisləri istər Peyğəmbərdən olsun, istər Əhli-Beytdən, istərsə də səhabələrdən, öncə Quran, sonra da ağılla tutuşdurmaq lazımdır. Əgər uyğundursa qəbul etmək, ziddirsə kənara qoymaq lazımdır.
Tural İrfan, MCP sədrinin müavini, politoloq
Seçilən
6
news365.az

1Mənbələr